Pressa.az » Siyasət » Yeni əməkdaşlıq iki ölkənin təhlükəsizlik maraqlarına xidmət edəcək

Yeni əməkdaşlıq iki ölkənin təhlükəsizlik maraqlarına xidmət edəcək

17 fevral 2025, Bazar ertəsi, 10:08
Yeni əməkdaşlıq iki ölkənin təhlükəsizlik maraqlarına xidmət edəcək

Azərbaycan, beynəlxalq platformalarda Somali və digər inkişaf etməkdə olan ölkələrin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.

Dövlətlərarası münasibətlərdə qarşılıqlı dəstək və əməkdaşlıq beynəlxalq arenada siyasi, iqtisadi və diplomatik uğurların əldə olunmasında mühüm rol oynayır.

Bu mənada Azərbaycan və Somali, müxtəlif qlobal və regional təşkilatlar çərçivəsində əməkdaşlıq edərək bir-birinə dəstək verən və strateji maraqlarını qorumaq üçün diplomatik səylər göstərən ölkələrdirlər.

Bu qarşılıqlı dəstək beynəlxalq təsisatlarda səsvermələr, humanitar yardımlar, müdafiə və iqtisadi əməkdaşlıq kimi müxtəlif sahələrdə özünü göstərir. Hər iki ölkə Qoşulmama Hərəkatının üzvüdür və burada ortaq mövqelərdən çıxış edirlər. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Somali də daxil olmaqla, üzv dövlətlərin maraqlarının qorunmasına xüsusi diqqət yetirib. 

Qeyd etməliyik ki, Azərbaycan, beynəlxalq platformalarda Somali və digər inkişaf etməkdə olan ölkələrin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. Somali Federativ Respublikası da öz növbəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqelərini, xüsusilə artıq keçmişdə qalmış “Qarabağ məsələsi”ndə dəstəkləyib. Vurğulamaq yerinə düşər ki, Azərbaycan höküməti bu gün Somalidə  böyük humanitar və iqtisadi layihəlr icra etməkdədir. Ölkəmiz humanitar təşəbbüsləri çərçivəsində Somaliyə yardımlar göndərir, xüsusilə quraqlıq və ərzaq böhranı dövrlərində bu dəstək daha da aktuallaşmaqdadır.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən icra edilən layihələrin əhəmiyyətini də xüsusi vurğulamalıyıq. Bu gün Azərbaycan və Somali ikitərəfli əlaqələri daha da gücləndirmək üçün mühüm addımlar atırlar. Humanitar yardımlardan diplomatik səsvermələrə qədər müxtəlif sahələrdə bir-birini dəstəkləyən bu iki dövlətin gələcək əməkdaşlığı daha geniş və strateji xarakter ala bilər. Müdafiə sahəsində əməkdaşlıq Azərbaycan və Somali arasında mövcud əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edən faktordur. Azərbaycan və Somalı arasında əməkdaşlığın inkişafı müdafiə sahəsində tərəfdaşlıq, milli təhlükəsizliyin təmin edilməsi, regional sabitliyin qorunması və hərbi potensialın artırılması baxımından çox əhəmiyyətlidir. Hər iki ölkə üçün regional və qlobal təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizə aparmaq vacibdir.

Bu gün Azərbaycanın hərbi təcrübəsi, xüsusilə post-münaqişə dövründə ordusunun modernləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətlər Somali üçün faydalı ola bilər. Nəzərə alsaq ki, Somali dəniz quldurluğu və terrorizm kimi problemlərlə mübarizədə beynəlxalq dəstəyə ehtiyac duyur, bu baxımdan Azərbaycanla bu sahədə əməkdaşlıq qeyd edilən neqativ hallarla mübarizəyə töhfə verə bilər. 

Bu əməkdaşlıq hərbi təcrübə və təlim mübadiləsi, texniki dəstək, müdafiə sənayesində tərəfdaşlıq və beynəlxalq sülhməramlı missiyalarda birgə fəaliyyət kimi müxtəlif istiqamətləri əhatə edə bilər. İnanırıq ki, üdafiə sahəsində gücləndirilmiş əməkdaşlıq, həm iki ölkənin təhlükəsizlik maraqlarına xidmət edəcək, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəkdir.

Nazilə Məmmədova;
Neftçala rayonu, müəllim