Pressa.az » Cəmiyyət » Gözdə qaşınma, yanma, qızartı, bulanıq görmə - Səbəblər nələrdir?

Gözdə qaşınma, yanma, qızartı, bulanıq görmə - Səbəblər nələrdir?

29 aprel 2025, Çərşənbə axşamı, 11:38
Gözdə qaşınma, yanma, qızartı, bulanıq görmə - Səbəblər nələrdir?

Böyük Britaniyanın Aston Universitetinin Optometriya Məktəbinin alimlərinin apardığı yeni araşdırma gənclərin böyük əksəriyyətində quru göz sindromu (göz quruluğu) əlamətlərinin olduğunu ortaya çıxarıb.

Liderxeber.az-ın xəbərinə görə, bununla bağlı işin nəticələri nüfuzlu "The Ocular Surface" (TOS) jurnalında dərc olunub.

Qeyd edilib ki, nəticələr mütəxəssislərin ciddi narahatlığına səbəb olub.

Məlumata görə, araşdırmada 18-25 yaşlarında 50 könüllü iştirak edib. İştirakçılar öz göz sağlamlıqları haqqında məlumatları bölüşüb və gözyaşı mayesinin nümunələrini laboratoriya analizləri üçün təqdim ediblər. Şokedici nəticələr göstərib ki, araşdırmada iştirak edənlərin 56%-ində tam quru göz sindromu aşkarlanıb, gənclərin 90%-ində isə bu xəstəliyin ən azı bir əlaməti ortaya çıxıb.

Üstəlik, tədqiqat iştirakçılarının yarısında meibomiya vəzilərinin ən azı dörddəbirinin itirilməsi halı müəyyən edilib. Bu xüsusi struktur gözyaşı plyonkasının qoruyucu təbəqəsinin əmələ gəlməsini təmin edir. Bu baryer olmadan gözlər xarici qıcıqlandırıcılara və infeksiyalara qarşı həssas olur.

Quru göz sindromu, gözyaşı kifayət qədər ifraz olunmadıqda və ya gözyaşının tərkibi pozulduqda əmələ gəlir. Bu da qaşınma, yanma, gözlərdə qızartı, fotofobiya (işıqdan qorxma) və bulanıq görmə kimi xoşagəlməz simptomlar seriyasının yaranmasına gətirib çıxarır. Kontakt linzalardan istifadə edənlər və elektron cihazların ekranları qarşısında çox vaxt keçirənlər xüsusilə risk altındadırlar. Tədqiqatçıların müəyyən etdiyi kimi, iştirakçılar orta hesabla gündə səkkiz saat qadcetlərdən istifadə ediblər ki, bu da görmə aparatına böyük yükdür.

Könüllülərin bir il sonra təkrar müayinəsi onların bir çoxunun vəziyyətinin pisləşdiyini göstərib. Alimlər xəstəliyin erkən diaqnozunun və profilaktikasının vacibliyini vurğulayırlar. Kompüter arxasında iş zamanı müntəzəm olaraq fasilələr edilməsi, göz qırpmaq üçün məşqlər edilməsi, su balansının saxlanılması, yuxu rejiminə riayət edilməsi və omeqa-3 yağ turşuları ilə zəngin olan diyetə əməl edilməsi quru göz sindromunun inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Gələcəkdə tədqiqatçılar xəstəliyin başlanğıcını və göz sağlamlığının qorunmasında qidalanmanın rolunu göstərən biomarkerləri öyrənməyi planlaşdırırlar.