Pressa.az » Cəmiyyət » Qazlı suyun yeni faydalı xüsusiyyəti aşkarlandı

Qazlı suyun yeni faydalı xüsusiyyəti aşkarlandı

21 oktyabr 2025, Çərşənbə axşamı, 15:05
Qazlı suyun yeni faydalı xüsusiyyəti aşkarlandı

Yaponiyanın Küsü Universitetinin alimləri müəyyən ediblər ki, qazlı su hüceyrələr tərəfindən şəkərin udulmasını sürətləndirərək maddələr mübadiləsinə təsir göstərə bilər.

Liderxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "BMJ Nutrition, Prevention & Health" jurnalında dərc olunub.

Araşdırmaya əsasən, qazlı sudakı karbon qazı orqanizmə daxil olduqdan sonra qismən qana sovrulur və orada bikarbonat adlı maddəyə çevrilir. Bu maddə qanın kimyəvi tərkibinə təsir edərək, eritrositlərin (qırmızı qan hüceyrələrinin) daxilində turşuluq səviyyəsini (pH) bir qədər artırır. Bu dəyişiklik qlikoliz prosesini aktivləşdirir - yəni hüceyrələr şəkəri (qlükozanı) daha fəal şəkildə emal edərək onu enerji mənbəyinə çevirirlər.

Alimlər bu prosesi hemodializ zamanı müşahidə olunan effektlə müqayisə ediblər. Hemodializdə də karbon qazından istifadə olunur və o, oxşar şəkildə maddələr mübadiləsini stimullaşdırır.

Tədqiqat iştirakçılarında qan şəkərinin səviyyəsində böyük dəyişiklik qeydə alınmasa da, alimlər hesab edirlər ki, qazlı su enerji mübadiləsinin tənzimlənməsində müəyyən rol oynaya bilər. Onların fikrincə, qazlı su arıqlama vasitəsi deyil, lakin yüngül toxluq hissi yarada və qlükoza səviyyəsini qısamüddətli azalda bilər.

Tədqiqatçılar bildiriblər ki, bu müşahidələr xüsusilə maddələr mübadiləsinin pozulmalarının qarşısının alınması baxımından əlavə elmi araşdırmalara ehtiyac yaradır.