Pressa.az » İqtisadiyyat » “Gələn il dövlət büdcəsinin artımı əsasən vergi daxilolmaları hesabına olacaq”

“Gələn il dövlət büdcəsinin artımı əsasən vergi daxilolmaları hesabına olacaq”

04 noyabr 2026, Çərşənbə, 13:15
“Gələn il dövlət büdcəsinin artımı əsasən vergi daxilolmaları hesabına olacaq”

“Təhlillər 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin artımının əsasən vergi daxilolmaları hesabına təmin ediləcəyini göstərir”.

Liderxeber.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Növbəti ildə vergi gəlirlərinin təxminən yarısının dolayı vergilər hesabına formalaşması nəzərdə tutulur ki, bu da müvafiq vergilərin dövlət büdcəsi gəlirlərinin təmin edilməsində əhəmiyyətli fiskal mənbə olaraq qalacağını göstərir.

Növbəti ildə iqtisadi artım və inflyasiya gözləntiləri, vergi inzibatçılığının və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə qanunvericiliyə təklif olunan dəyişikliklər hesabına əlavə gəlir potensialının formalaşması şəraitində Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların proqnozunun cari ilin göstəricisini əhəmiyyətli dərəcədə üstələməsi gözlənilir.

Növbəti il üçün Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6868,0 mln. manat nəzərdə tutulub. 2027-ci il üçün idxal həcminin 32,2 mlrd. manata yüksələcəyi, bu sahədə güzəşt və azadolmaların tətbiq edilməsinin daxilolmalara azaldıcı təsir edəcəyi şəraitdə növbəti il üçün Dövlət Gömrük Komitəsi xətti ilə təmin edilməli gəlirlərin idxal həcminə nisbəti əvvəlki ilin faktiki göstəricisi ilə müqayisədə 0,6 faiz bəndi yuxarı, cari ilin proqnozu ilə müqayisədə 0,3 faiz bəndi aşağı proqnozlaşdırılıb.

Bildirmək istəyirəm ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinin gəlirləri 2025-ci ildə 3,5% kəsirlə, 2026-cı ilin 9 ayında 6862,0 mln. manat illik proqnoza qarşı 72,5% səviyyəsində icra edilib.

Eyni zamanda, bildirmək istəyirəm ki, növbəti ildə gömrük inzibatçılığının əsas göstəricilərindən olan yığımın inzibati xərci - başqa sözlə, hər 100 manat daxilolma üçün 3,73 manat xərc çəkilməsi gözlənilir ki, bu da beynəlxalq qiymətləndirmələrdə orta-effektiv  hesab olunur. 

Gömrük inzibatçılığı sahəsində aparılan davamlı islahatlarla gömrük ödənişlərinin yığılması sistemində şəffaflığın əhəmiyyətli dərəcədə genişləndirilməsi günümüzün reallıqlarındandır. Eyni zamanda, gömrük orqanları xətti ilə güzəşt və azadolmaların illik məbləği 3,0 mlrd. manat civarında olmaqla artım meyilləri ilə proqnozlaşdırılmaqdadır.

Bu mövzuda daha bir məsələni qeyd etmək istərdim. Qanun layihəsində gömrük rüsumlarının məbləği 1867,0 mln. manat göstərilib. Lakin bu məbləğin 30,0 mln. manatı gömrük rüsumları üzrə deyil, gömrük yığımları üzrə proqnozlaşdırılıb. Hesab edirik ki, bu məsələ üzrə bu və ya növbəti büdcə layihəsində dəyişikliklər edilə bilər”, - sədr qeyd edib.