Alkoqol asılılığı niyə yaranır? - Alimlərdən araşdırma
Sinqapur Milli Universitetinin tədqiqatçıları CHRNA3 genindəki mutasiyanın alkoqola qarşı həssaslığı azalda və asılılıq riskini artıra biləcəyini aşkar ediblər.
Liderxeber.az-ın xəbərinə görə, mütəxəssislərin bununla bağlı işi "The Journal of Neuroscience" jurnalında dərc edilib.
Təcrübələr zamanı alimlər müəyyən ediblər ki, nikotin asetilkolin reseptorlarının aktivliyini tənzimləyən CHRNA3 genində dəyişiklik olan şəxslərdə alkoqola meyillilik daha uzun müddət qalır və onlar bunun daha yüksək konsentrasiyalarına tab gətirə bilirlər. Genin fəaliyyətinin pozulması səbəbindən beynin spirtli içkilərə olan normal reaksiyası zəifləyir - aşağı dozalarda sakitləşdirici təsir azalır, alkoqola qarşı ikrah mexanizmi isə daha sonra işə düşür.
Təhlil göstərib ki, mutasiya beyində həyəcanverici və tormozlayıcı siqnalların balansına cavab verən genlərin ekspressiyasına təsir göstərir. Bu, niyə bəzi insanların əvvəlcədən alkoqola qarşı daha az həssas olduqlarını və nəticə etibarilə asılılığın formalaşmasına daha çox meyilli olduqlarını izah edir.
Müəlliflər qeyd edirlər ki, müəyyən edilmiş genetik mexanizm alkoqolizmin profilaktikası və müalicəsi üçün fərdiləşdirilmiş strategiyaların hazırlanmasına, eləcə də asılılığa meyilliliyi daha dəqiq proqnozlaşdırmağa kömək edəcək.

