Pressa.az » Cəmiyyət » "YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb  

"YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb  

04 avqust 2026, Çərşənbə axşamı, 09:53
"YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb  

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan dördüncü “YAŞAT” yay məktəbi başa çatıb.

19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilib. 

Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər. Sonda şagirdlərə proqramın bitməsi ilə bağlı sertifikatlar təqdim olunub.

Yay məktəbinin son həftəsində iştirakçılar üçün Kenterberi şəhərinə (Canterbury) ekskursiya təşkil olunub. Bununla yanaşı, onlar Londonun tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə Bukinqem sarayını (Buckingham Palace), Müqəddəs Ceyms parkını (St James’s Park), Kral Süvari Qvardiyasının (Horse Guards) məşhur keşikdəyişmə mərasiminin keçirildiyi "Horse Guards" parad meydanını (Horse Guards Parade), eləcə də İngiltərə Parlamentinin yerləşdiyi Vestminster sarayını (Palace of Westminster) ziyarət ediblər.

Proqram çərçivəsində gənclər Temza çayı (River Thames) üzərində kruiz gəzintisində iştirak edib, həmçinin Londonun ən qədim və məşhur ərzaq bazarlarından biri olan "Boro" marketini (Borough Market) ziyarət edərək şəhərin tarixi, memarlığı və gündəlik həyatını əks etdirən məkanlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

"YAŞAT" Fondunun Londondakı yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edib.