Pressa.az » Cəmiyyət » Əmək qanunvericiliyində son dəyişikliklər: işəgötürən nələrə diqqət etməlidir?

Əmək qanunvericiliyində son dəyişikliklər: işəgötürən nələrə diqqət etməlidir?

26 avqust 2026, Çərşənbə, 14:02
Əmək qanunvericiliyində son dəyişikliklər: işəgötürən nələrə diqqət etməlidir?

Əmək qanunvericiliyində son dəyişikliklər işəgötürənlər qarşısında yeni tələblər və məsuliyyətlər müəyyən edir. Xüsusilə əmək münasibətlərinin rəqəmsallaşdırılması, distant iş, məzuniyyətlər, ailə vəzifələri olan işçilərin hüquqları və işə qəbul prosesləri ilə bağlı yeniliklər HR fəaliyyətinə birbaşa təsir göstərir.

2026-cı ildə əmək qanunvericiliyinə edilən dəyişikliklər arasında “məsafədən (distant) iş” və “ailə vəzifələri olan işçi” kimi anlayışların tətbiqi diqqət çəkir. Distant işin hüquqi əsaslarının dəqiqləşdirilməsi işəgötürənlərə çevik iş modellərindən daha sistemli istifadə imkanı yaradır. Lakin bunun üçün iş vaxtı, əmək funksiyası, kommunikasiya və digər şərtlər əvvəlcədən düzgün müəyyənləşdirilməlidir.

Digər mühüm yenilik atalıq məzuniyyəti ilə bağlıdır. Uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi əmək münasibətlərində sosial yanaşmanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu prosesin ƏMAS üzərindən elektronlaşdırılması isə HR əməliyyatlarının daha şəffaf və operativ aparılmasına xidmət edir.

Məzuniyyətlərin uçotu da işəgötürənlərin diqqətində olmalıdır. ƏMAS-da məzuniyyət günlərinin izlənməsi üçün yeni funksionallığın tətbiqi HR mütəxəssislərinə işçilərin məzuniyyət hüquqlarını və qalıqlarını daha sistemli idarə etməyə imkan verir.

ƏMAS artıq sadəcə elektron sənəd platforması deyil, əmək münasibətlərinin idarə edilməsində əsas alətlərdən biridir. Bu səbəbdən əmək müqaviləsinə dəyişikliklərin elektron təsdiqi, işə qəbul və xitam prosesləri, məzuniyyət əmrləri və digər əməliyyatlar vaxtında və düzgün icra edilməlidir.

İşə qəbul zamanı da qanunvericiliyin tələbləri əvvəlcədən nəzərdən keçirilməlidir. Xüsusi peşə və vəzifələr üzrə tibbi müayinə və digər qanunla müəyyən edilmiş tələblərin yerinə yetirilməməsi həm işçi, həm də işəgötürən üçün hüquqi risk yarada bilər.

Mənim fikrimcə, işəgötürənlərin ən böyük səhvi əmək qanunvericiliyinə yalnız problem yarandıqdan sonra diqqət yetirməsidir. Halbuki müasir HR yanaşmasında əsas məqsəd problemi sonradan həll etmək deyil, onun yaranmasının qarşısını almaqdır.

Bunun üçün şirkətlərdə əmək müqavilələri, iş vaxtının uçotu, məzuniyyətlərin idarə olunması, işə qəbul və xitam prosedurları, intizam məsələləri və ƏMAS əməliyyatları mütəmadi şəkildə audit edilməlidir.

Əmək qanunvericiliyinə uyğunluq yalnız hüquqi öhdəlik deyil, eyni zamanda şirkətin reputasiyasına, işçi etimadına və biznesin davamlılığına qoyulan investisiyadır.

Müasir HR rəhbərinin əsas üstünlüyü qanunları əzbər bilməsində deyil, qanunun tələblərini biznesin və insan kapitalının maraqları ilə düzgün uzlaşdıra bilməsindədir.

Anar Abasəliyev

HR ekspert