Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq.
Bu barədə Liderxeber.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafizə sədləri çəkilməsi mümkün ola bilər:
"Bu proses Bakı metropolitenində qatar parkının yenilənməsinə də təsir göstərən hərəkət sistemlərinin tam yenilənməsindən sonra daha da asanlaşacaq. Bundan başqa hazırda metro stansiyalarında yeni nəsil qatarları ilə yanaşı, köhnə tipli qatarlar da var. Bu qatarların qapılarının ölçüləri eyni deyil. Buna görə də mühafizə sədlərinin quraşdırılması mümkün deyil. Tək sistemlər deyil, stansiya, havalandırmadan tutmuş vaqon tipinə qədər burada bir çox həlli vacib məsələlər var. Amma 2030-cu ilə qədər yeni sistem quraşdırılandan sonra bu prosesə start verilə bilər".
B.Məmmədov bildirib ki, nəticədə metroda intiharların, sərnişinlərin qatar yoluna yıxılmasının, telefon və digər əşyaların yola düşməsinin qarşısı alına bilər:
"2030-cu ilə qədər 9 yeni stansiya tikilib istifadəyə veriləcək. Bununla yanaşı, 300 yeni vaqon alınacaq və qatar parkı əsasən yenilənəcək. Bu prosesdə mövcud xətlərdə ən müasir sistemlər də quraşdırılacağından metro stansiyalarında mühafizə sədlərinin çəkilməsi asanlaşacaq".
