Pressa.az » Cəmiyyət » Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət bəlli oldu

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət bəlli oldu

23 sentyabr 2026, Çərşənbə, 17:26
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət bəlli oldu

2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu əvvəlki ildən daha erkən başlayacaq. İlkin olaraq bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.

Bu barədə Liderxeber.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyinin tövsiyəsi əsasında bu il sənədlərin qəbulu ötən ildən daha erkən başlayacaq:

"İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6 100 ABŞ dolları müəyyən edib. Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır.

Ziyarət, həmişə olduğu kimi, vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək".

Həcc ziyarəti üçün tələb olunan sənədlər:

• Ümumvətəndaş pasportu (ən azı 1 il etibarlılıq müddəti olmalıdır);

• Şəxsiyyət vəsiqəsinin surəti;

• 5x5 sm ölçüdə, ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);

• Sağlamlıq haqqında arayış.

Bildirilib ki, sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixindən etibarən iş günləri saat 10:00-dan 16:00-dək Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Vüsal Cahangiri qeyd edib ki, Həcc və Ümrə Nazirliyinin tələblərinə əsasən, sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ildəkindən daha tez həyata keçirilməlidir.

"Buna görə, Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmadan qeydiyyata alınsınlar", - deyə o əlavə edib.

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu