Pressa.az » Cəmiyyət » Yayda daha çox qəbul edilməli qidalar

Yayda daha çox qəbul edilməli qidalar

17 iyun 2024, Bazar ertəsi, 16:43
Yayda daha çox qəbul edilməli qidalar

Yay ​​aylarında özümüzü daha gümrah və yüngül hiss etmək üçün qidalanma rejimimizə diqqət etməyimiz daha məqsədəuyğundur

Bu mövsümdə xüsusi pəhrizə ehtiyac olmasa da, bəzi qidaların istehlakını artırmaq, bəzi qidaların isə istehlakını azaltmaqla daha rahat və sağlam yay keçirə bilərik.

Yay aylarında həddindən artıq tərləmə nəticəsində bədən xeyli miqdarda maye və mineral itkisinə məruz qalır. Bu səbəblə yayda su istehlakını artırmaq lazımdır. Qışda gündəlik maye tələbatı hər kiloqrama görə 30 ml olduğu halda, yayda 35 ml-ə qədər yüksəlir. Yəni 70 kq-lıq bir insanın gündəlik maye tələbatı yayda 2450 ml-dir. Bu ehtiyac ödənilmədikdə yorğunluq, halsızlıq, başgicəllənmə, diqqətsizlik kimi problemlər ortaya çıxır.

Yayda sərin içkilərə təlabat artır. Bu tələbatı ödəmək üçün kola və yüksək şəkərli soda kimi zərərli içkilər yerinə ayran və soyuq yaşıl çay kimi sağlam içkilərə üstünlük verilmək töövsiyə olunur. 1 stəkan dəmlənmiş yaşıl çay, limon dilimləri, 1 dilim ananas, 3-4 budaq nanə yarpağı və 2 stəkan suyu qarışdırıb 1-2 saat soyuducuda saxlayaraq hazırladığınız soyuq yaşıl çay yayda şişkinlik probleminizi də həll edəcək.

Yayın gəlişi ilə çiyələk, albalı, qarpız, gavalı, qovun, tut, böyürtkən, moruq, şaftalı, əncir, badımcan, pomidor, yaşıl lobya kimi tərəvəzlər rəflərdə öz yerini tutmağa başlayır. Bu qidaları qidanıza əlavə etməklə maye, vitamin, mineral və lif ehtiyaclarınızı qarşılaya bilərsiniz.

Yayda artan xəstəliklərdən biri olan qida zəhərlənməsindən qorunmaq üçün ət, toyuq, balıq, yumurta kimi potensial riskli qidaların təzəliyinə, yaxşı bişməsinə, saxlanma və hazırlanma şərtlərinə diqqət edin. Bu qidaları bişirərkən qızartma kimi ağırlıq hissini artıracaq zərərli bişirmə üsulları yerinə manqalda, buxarda bişirmək, qaynatmaq və ya sobada bişirməyə üstünlük verməlisiniz.