Pressa.az » Cəmiyyət » Müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxs xüsusi idman protezləri ilə təmin edildi - Foto

Müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxs xüsusi idman protezləri ilə təmin edildi - Foto

05 iyul 2024, Cümə, 20:17
Müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxs xüsusi idman protezləri ilə təmin edildi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar daha 7 nəfər əlilliyi olan şəxs yüksək texnologiyalı xüsusi idman protezləri ilə təmin edilib. 

Liderxeber.az xəbər verir ki, jurnalistlərin xüsusi idman protezləri ilə təminatı prosesi ilə yaxından tanışlığı üçün həmin Mərkəzə mediatur təşkil olunub.

Media nümayəndələrinə bildirilib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası sahəsində görülən işlərin bir istiqaməti də onların yüksək texnologiyalı, son nəsil protezlərlə təminatıdır. 

2020-ci ilin dekabr ayından Nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 476 şəxs 572 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Bu protezlər funksional üstünlükləri ilə həmin şəxslərə dəyişən məkanlarda və məqamlarda belə hərəkəti sərbəst, tam və daha dəqiq tənzimləməyə, tez və rahat inteqrasiyaya imkan verir.

Növbəti mərhələ olaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə  də təminatına başlanaraq bu proses davam etdirilir. 

Qeyd olunan protezlər Danimarkanın “Levitate” şirkətinin Türkiyə və Azərbaycan üzrə təmsilçisi olan “Bionic Center Prosthetics Orthotics” tərəfindən istehsal edilir və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradır.

Media nümayəndələri son zamanlar Mərkəzin bir sıra istehsal və digər xidmət sahələrində tətbiq edilən yeniliklərlə tanış olublar.