Rusiyalı həkim ən piyli orqan haqqında: "Yağ və şəkər yeməyənlər səhv edirlər"
"Beyin insan bədənində ən piyli orqandır".
Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı qeriatr, tibb elmləri doktoru, professor, ekspert Kirill Proşayev Gazeta.ru-ya maraqlı açıqlamalar verib.
"Həqiqətən, beynin təxminən 75%-ni su təşkil edir. Amma suyu istisna etməklə, quru maddə əsasında hesablasaq, o zaman beyinin 80%-nin yağ olduğu ortaya çıxır. Ona görə də yağları qida rasionundan çıxaran insanlar səhv hərəkət edirlər. Çünki yağ çatışmazlığı şəraitində beynin fəaliyyəti çətinləşir", - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, beyni qidalandırmaq üçün orqanizmə xüsusilə faydalı doymamış yağ turşuları daxil olmalıdır.
"Məsələn, bu turşular balıq (siyənək, qızılbalıq, skumbriya) və dəniz məhsullarında, bitki yağlarında (kətan, zeytun), qoz-fındıq (qoz, püstə, keşyu), paxlalı bitkilərdə (mərci, lobya) və bəzi digər məhsullarda mövcuddur", - deyə Proşayev əlavə edib.
Bundan başqa, mütəxəssisin fikrincə, beynin effektiv işləməsi üçün, həmçinin şəkərə də ehtiyac var. İstehlak etdiyimiz qlükozanın təxminən 25%-i beyinə bədəndə müxtəlif prosesləri işə salmaq üçün lazımdır.
"Şəkər beyin üçün enerjidir, ona görə də "şəkər - ağ ölümdür" ifadəsi tamamilə yanlışdır. Beynin qlükozaya ehtiyacı var. Amma bu, təbii, o demək deyil ki, biz şəkər yeməliyik. Tərkibində şəkər olan qidaları (banan, bal və s.) qida rasionunuza daxil etmək vacibdir, lakin normanı aşmamaq lazımdır. Fövqəladə hallarda, beyin həddindən artıq məlumat yükündən donduqda və hələ də işləməyə davam etmək məcburiyyətindəsinizsə, bir parça şokolad və ya dadlı konfet zərər verməyəcək, əksinə, kömək edəcək", - deyə həkim vurğulayıb.