Pressa.az » Cəmiyyət » Tibb inkişaf etsə də, dəbdən düşmürlər – Sınıqçı və çöpçülərə necə etibar edək?

Tibb inkişaf etsə də, dəbdən düşmürlər – Sınıqçı və çöpçülərə necə etibar edək?

11 sentyabr 2024, Çərşənbə, 13:04
Tibb inkişaf etsə də, dəbdən düşmürlər – Sınıqçı və çöpçülərə necə etibar edək?

Azərbaycanda, xüsusilə bölgələrdə bədən üzvlərində yaranan problemə, sınıq və çıxıq probleminə görə sınıqçıya üz tutanlar az deyil.

Bunun bölgələrdə hələ də işlək olmasına səbəb bütün kəndlərdə tibb məntəqələrinin olmaması, yəni xəstəxanaların əlçatan olmaması, həm də xalq təbabətinə inamın güclü olmasıdır. Lakin bu variant heç də həmişə fayda vermir. Müəyyən fəsadlarla sonradan həkimə müraciət edənlərlə yanaşı, ömürlük şikəst qalanlar da olur.

Bədbəxt hadisə ilə nəticələnən daha bir sınıqçı müalicəsi Biləsuvar rayonunda baş verib. Belə ki, sentyabrın 9-u sınıqçı Nərgiz İmanova 2 yaşlı körpəni masaj edərkən azyaşlı ölüb.

Bəs ⁠insanlar tibb elminin inkişaf etdiyi dövrdə niyə sınıqçılara, türkəçarəyə üz tutmağı seçirlər? Sınıqçı, çöpçü kimi tanınan şəxslərə nə dərəcədə etibar etmək olar? Ümumiyyətlə, tibdə bunun bir təsdiqi varmı?

Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən həkim Rasif Bağırov tibb sahəsi üzrə təhsili olmayanların bu işlərlə məşğul olmaqlarını düzgün hesab etməyib:

"Sınıqçı, çöpçü bu gün Azərbaycan insanının həyatında müəyyən qədər rol oynayır. Yəni əhalinin müəyyən hissəsi onların xidmətindən istifadə edir. Amma qayda-qanun bundan ibarətdir ki, ixtisaslı tibb işçiləri olmayan insanlara müəyyən tibbi prosedurla bağlı müraciət etmək düzgün deyil. Qayda belədir ki, tibb ixtisası üzrə ixtisaslaşmış insanlar ancaq bu işlərlə məşğul ola bilərlər".

Həkim hesab edir ki, sınıqçılar müəyyən işin öhdəsindən gəlsələr də, sonrakı problemin həllində acizdirlər:

"Sadəcə cəmiyyətdə lap qədimdən bu işlərlə məşğul olan insanlar olub, onların müəyyən təcrübələri var. Amma təcrübə nə qədər çox olsa da, həkimin verdiyi biliyi onlara heç vaxt verməyəcək. Onlar həmişə müəyyən işləri görə biləcəklər, amma problem ortaya çıxanda onun nədən qaynaqlandığını müəyyən eləmək onlar üçün çətin olacaq. Ona görə də vacibdir ki, insanlar ancaq ixtisaslı həkimlərə, tibb işçilərinə müraciət etsinlər".