Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xol Qarabucaq kəndinin sakinləri ilə səyyar görüş keçirib.
Liderxeber.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Xol Qarabucaq kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Xol Qarabucaq kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar "Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, ümumən bəşəriyyətə qarşı törədilmiş cinayətdir" mövzusunda iştirakçılara məlumat veriblər. Çıxışçılar, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu vurğulayıblar.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri düşmənə təslim olmayaraq son ana qədər mübarizə aparıblar. Ümummilli Lider Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönələn ən qəddar soyqırımı kimi dəyərləndirərək deyib: "Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən isə Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür".
RİH-in başçısı 2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymasını, həmçinin 2025-ci ilin fevralın 19-da Prezidentin Xocalı şəhərinin Ballıca kəndinə səfərini, kənddə fərdi evlərin və infrastrukturun bərpası ilə bağlı görülən işlər və kəndə köçən bir qrup sakinlə görüşməsini qeyd edib.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, əkin sahəsi, işlə təmin olunma, əkin sahələrinə suyun verilməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.