Tarix yenidən yazılır: İran İsraili öz silahı ilə vurur?

İsrail-İran müharibəsi fonunda indi də münaqişənin asimmetrik formada cərəyan edəcəyi və ya etdiyi gündəmdədir.
Belə ki, Tehranın Təl-Əvivə "Dahiyə doktrinası"ndan istifadə edəcəyi ilə bağlı xəbərdarlığı və artıq praktiki addımlar da atması yəhudi dövlətinin də analoji cavab verməsi ilə nəticələnir.
"Dahiyə doktrinası" İsrailin xüsusilə "Hizbullah" və digər silahlı qruplara qarşı apardığı hərbi strategiyanın bir formasıdır. Doktrinanın əsası İsrail Müdafiə Qüvvələrinin (IDF) keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkot tərəfindən qoyulub. Bu doktrina adını Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsindən alır. Sözügedən region "Hizbullah"ın əsas qərargahlarından biri sayılırdı və 2006-cı ildə İsrail-"Hizbullah" müharibəsi zamanı Təl-Əvivin ağır bombardmanına məruz qaldı.
"Dahiyə doktrinası"nın əsas mahiyyəti
Doktrinanın əsas mahiyyəti silahlı qruplaşmalara, xüsusilə də mülki infrastrukturlarda gizlənən ünsürlərə qarşı maksimum güc tətbiq etmək, sərt və genişmiqyaslı dağıdıcı zərbələrlə qarşı tərəfi cəzalandırmaqdır. Təkcə hərbi obyektlər deyil, bu qruplarla əlaqəli mülki obyektlər və dinc əhali də hədəf sayılır, hətta sakinlərdən onların dəstəyini qazanan terrorçulara qarşı təzyiq vasitəsi kimi də istifadə olunur. Düzdür, bu yanaşma beynəlxalq hüquq baxımından mübahisəli və tənqidolunan yanaşmadır, lakin beynəlxalq hüquq artıq şablon söz-söhbətdən başqa bir işə yaramadığı üçün güc hüquqla deyil, hüquq güclə hesablaşır.
Bənzər yanaşmalar
Qeyd edək ki, bu yanaşma Rusiya-Ukrayna müharibəsində də özünü göstərib. Belə ki, rəsmi Moskva hərbi əməliyyatlar apararkən geniş şəkildə enerji infrastrukturunu, yaşayış binalarını, məktəbləri və xəstəxanaları vurub. BMT və insan hüquqları ilə bağlı beynəlxalq qeyri-hökumət təşkilatları bu fəaliyyəti "kollektiv cəza" kimi dəyərləndiriblər.
Bununla yanaşı, nisbətən uzaq keçmişə nəzər salaq, hətta "Dahiyə doktrinası"ndan da əvvəl ABŞ-nin İraqda bənzər, "cəld üstünlüyə nail olmaq" konsepsiyasına əsaslanan "şok və titrəyiş" hərbi doktrinasını görə bilərik. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanan doktrinanın əsas müddəaları bunlar idi:
- "Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də "geniş mənada oradakı cəmiyyətdir",
- "Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: ABŞ tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi",
- "Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq".
Yəni həmişə olduğu kimi, bu nəzəriyyədə belə, İsrailin Birləşmiş Ştatlardan bəhrələndiyini görürük.
Təbii ki, bütün bunların fonunda Azərbaycan nümunəsini qeyd etməyə bilmərik. Çünki İkinci Qarabağ müharibəsində Bakı Ermənistan üzərində birmənalı üstünlüyə malik olsa da, ordumuz dəqiq zərbələrlə mülki və hərbi hədəfləri ayırdı və konkret hərbi obyektləri nişan aldı. Əbəs deyil ki, bu, dünya hərb tarixinin gedişini dəyişdirən, dərsliklərə salınacaq əməliyyat kimi yadda qaldı. Yəni həm İsrailin, həm Rusiyanın, həm də ABŞ-nin maksimalist dağıdıcı yanaşmasından fərqli olaraq, daha konkret zərbələr üstünlük təşkil etdi və ölkəmiz müharibəni də ləyaqətlə aparmağın mümkün olduğunu bütün dünyaya sübut etdi.
İran İsraili öz silahı ilə vuracaq?
Məsələnin mövcud və maraqlı tərəfi isə hazırda İranın "Dahiyə doktrinası"nı İsrailə qarşı tətbiq etməsi ilə bağlıdır. Tehranın Təl-Əvivi öz silahı ilə vurması, görünür, sadəcə, hərbi deyil, geosiyasi, ideoloji və psixoloji bir strategiyanın təzahürüdür. Məqsəd modelin mahiyyətinə uyğun olaraq, İsrail cəmiyyətini qorxu içində saxlamaq, psixoloji təzyiq və xaos yaratmaq, nəticədə əhali arasında iğtişaşlara zəmin yaradıb, hakimiyyəti istefaya və yaxud da qarşı tərəflə sülhə məcbur etməkdir. Ki, doktrinanın da mahiyyəti bundan ibarətdir. İran artıq klassik müharibə aparmaq imkanında deyil (İsrailin hərbi-modern üstünlüyü var), ona görə də ələlxüsus Təl-Əviv, Hayfa və s. kimi yerlərdə ictimai həyatın iflic edilməsi, vətəndaşlar arasında təşviş yaratmaq üçün bu modeli tətbiq etmək istəyir. Həm də Tehran "Hizbullah" və HƏMAS-ı da bununla yenidən aktivləşdirə, "Dahiyə modeli"ni əks-formada istifadə edə bilər.
Bir sözlə, necə ki İsrailin 2006-cı ildə Beyrutun Dahiyə məhəlləsini bombalaması simvolik idi, indi də İran İsrailin "Dahiyələrini" hədəf almaqla məqsədlərinə nail olmaq istəyir.