Berlin şəhərində yerləşən "Şəhidlik" məscidi ziyarət olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən "Şəhidlik" məscidini ziyarət edib.
Liderxeber.az xəbər verir ki, nümayəndə heyətinə məscidin tarixi, memarlıq xüsusiyyətləri, dini və sosial fəaliyyətləri barədə məlumat verilib. Bildirilib ki, Osmanlı memarlıq üslubunda inşa olunmuş məscid Almaniyadakı müsəlman icmaları arasında əhəmiyyətli mərkəzlərdən biri hesab olunur. Məscid dini ibadətgah yeri olmaqla yanaşı, təhsil, informasiya və mədəni tədbirlərin keçirildiyi məkan kimi də tanınır.
Ziyarət zamanı nümayəndə heyəti məscidin rəhbərliyi ilə də görüşüb. Dinlər və mədəniyyətlərarası dialoqun önəmi, tolerantlığın təşviqi və əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.