"Qrin-kart" lotereyasında iştirak 1 dollar olacaq

ABŞ Dövlət Departamenti insanların ölkədə daimi yaşayış icazəsi - "qrin kart" ("green card") əldə etməsinə imkan verən illik lotereya üçün 1 dollarlıq qeydiyyat rüsumunun tətbiqini təklif edib.
Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrinin saytında məlumat verilib.
Qeyd olunur ki, bu addım lotereyada iştirak edən hər kəsin üzərinə bərabər maliyyə yükünün düşməsini təmin etmək məqsədi daşıyır.
Yeni qayda oktyabrın əvvəlində başlayacaq proqram mövsümündən əvvəl qüvvəyə minəcək (Dəqiq tarixlər daha sonra açıqlanacaq).
Seçilmiş namizədlər üçün nəzərdə tutulan 330 dollar rüsum isə dəyişməz qalır.
Qeyd edək ki, 1990-cı ildən tətbiq edilən proqram çərçivəsində hər il 50 min nəfərə təsadüfi seçim əsasında ABŞ-də daimi yaşayış icazəsi - "qrin-kart" verilir. Əvvəllər lotereyada iştirak tamamilə pulsuz idi.
2023-cü ildə "qrin-kart" qazanmaq üçün 22.1 milyon nəfər müraciət edib.