Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Bu il Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
LiderXəbər-in xəbərinə görə, bu barədə Dohada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüşündə bildirilib.
Hazırda tədbirin təqviminin və proqramının dəqiqləşdirilməsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.
Şeyx Əbdülrəhman bin Həməd əl-Tani iki ölkə arasında mədəni əlaqələrdən söz açıb, münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, mədəniyyət və informasiya sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
Qətərli nazir Azərbaycanda olduğunu, ölkəmizin mədəniyyətini, insanlarını, mətbəxini sevdiyini bildirib. O, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin, eləcə də muzey sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli səmimi qəbula, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Qeyd olunub ki, dövlət başçılarımızın dostluq münasibətləri, digər sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişafına zəmin yaradıb.
Görüşdə Qətərin mədəniyyət naziri bu ilin noyabrında Bakıda keçiriləcək beynəlxalq kitab sərgisinə və 2024-cü ildə paytaxtımızda təşkil olunacaq VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna da dəvət edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak edib.