Pressa.az » Ölkə » “Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

“Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

16 iyun 2023, Cümə, 17:45
“Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

Tərtər rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib.

LiderXəbər xəbər verir ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Tərtər Bölgə Təcrübə Stansiyasında Azərbaycan Respublikası (AR) Kənd Təsərrüfatı Nazirliyi (KTN) və ƏETİ-nin birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tədbirin əhəmiyyətindən danışıb. Sonra o, “Tərtər rayonunda taxılçılığın vəziyyəti” mövzusunda çıxış edib, görülmüş işlər barədə fikirlərini bildirib. 

Ölkədə taxılçılığın inkişafına yönəlmiş diqqətin vacibliyini vurğulayıb, taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün görülən işlərə toxunub. O, taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində yaranan mövcud problemlər və perspektivlərdən söz açıb. 

Sonra AR KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri a.e.ü.f.d. Fərman Kərimov “Taxıl istehsalında innovativ texnologiyaların rolu”, AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “İnnovativ texnologiyaların toxumların genetik tamlığının qorunmasında rolu”, AR Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda torpaq və su ehtiyatlarının səmərəli istifadəsi gələcək məhsuldarlığın əsasıdır”, ƏETİ-nin direktoru, a.e.ü.f.d., dosent Faiq Xudayev “Yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili”, AR Elm və Təhsil Nazirliyi Molekulyar biologiya və biotexnologiyalar institutunun icraçı direktoru Ələmdar Məmmədov “Yeni sortların yaradılmasında biotexnoloji metodların üstünlüyü”, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Firudin Qurbanov “Aqrar sahənin inkişafı və kadr hazırlığı”, AR Milli Aviasiya Akademiyası Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Ənvər İsayev, “Dənli-taxıl bitkilərinin istehsalında ekoloji təmiz elektrofiziki - kimyəvi texnologiyaların əhəmiyyəti”, ƏETİ-nin Tərtər BTS-nin direktoru Rəşad Familzadə “Tərtər BTS-də seleksiya işlərinin nəticələri” mövzuları üzrə çıxış ediblər. 

Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış taxıl sortlarının nümayiş etdirilməsi və taxılçılıqda yeni innovativ texnologiyaların tanıdılmasından ibarətdir. 

Tədbirdə “Fructus” MMC, “Aqro Dairy” MMC, “Moran Aqro”, Azorganik KT İİ Kooperativi, Ağstafa ASK, Azəraqrar, “Qarabağ” Taxıl MMC, “Şabran Aqro Kompleks” MMC, Aqrovit, Aqrolab, “ELKIYAR” MMC, “Yalama Aqroparkı” MMC, “Şəmkir-Aqropark” MMC, Gilan Holdinq, “Goranboy Agropark” və digər şirkətlərin, ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin, bölgə təcrübə stansiyalarının, təcrübə sınaq stansiyalarının rəhbərləri və nümayəndələri, Qobustan, Kürdəmir, Hacıqabul və digər rayonlardan olan fermerlər və mütəxəssislər iştirak ediblər.