"Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub
UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
LiderXəbər-in məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən final oyununda İtaliya "Roma"sına qalib gələn İspaniya "Sevilya"sı tarixində 7-ci dəfə titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə "canavarlar" vurublar. Paulo Dibala fərqlənib. 55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı bərpa edib. "Roma"nın heyətində Canluka Mançini avtoqol müəllifi olub. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən ispaniyalılar turnirin qalibi olublar.
"Sevilya" bu qələbə sayəsində 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.
UEFA Avropa Liqası
Final
31 may
23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) - 1:1 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar: Canluka Mançini, 55 (avtoqol) - Paulo Dibala, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”
Qeyd edək ki, Əndəlusiya təmsilçisi daha əvvəl 2005/2006, 2006/2007, 2013/2014, 2014/2015, 2015/2016 və 2019/2020 mövsümündə Avropa Liqasında qələbə sevinci yaşayıb.