Paris-2024-də günün yekunu: Azərbaycan olimpiadalarda 50-ci medalını Fransada qazanıb
Bu gün Azərbaycanın altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Liderxeber.az xəbər verir ki, yarışın 6-cı günündə təmsilçilərimiz aktivinə ilk qızıl medalı yazdırmağı bacarıb.
Tarixi uğura cüdo yarışlarında bütün rəqiblərini qabaqlayan Hidayət Heydərov imza atıb. 73 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu finalda fransalı Con Benjamin Qabaya qalib gəlməklə olimpiadanın baş mükafatına sahib çıxıb. Bununla da Azərbaycan planetin ən böyük yarışları tarixində 50-ci medalını qazanıb.
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo yer aldığı
E qrupunun ilk matçında qələbəyə sevinib. Təmsilçimiz avstriyalı Kollins Filimona qalib gəlməklə 1/4 finala yüksəlmək şansını artırıb.
Digər idmançılarımız üçün növbəti yarış günü elə də uğurlu keçməyib. Qadın badmintonçumuz Keişa Fatimə Zəhra yer aldığı N qrupunun ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmora uduzmaqla mübarizəni dayandırıb.
Qılıncoynatma yarışlarındakı yeganə təmsilçimiz Anna Başta 1/16 finalda çinli Honq Yu Yanqa 5:16 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) almaniyalı Nelvi Tiafaka uduzaraq ümidləri doğrultmayıb.
Digər boksçumuz Malik Həsənov isə Gürcüstandan olan Laşa Quruliyə məğlub olaraq yarışı medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan Paris-2024-də sabah daha beş idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi ilə mübarizəyə qoşulacaq.