Pressa.az » Ölkə » Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?

Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?

13 yanvar 2025, Bazar ertəsi, 16:33
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?

Kredit reytinqi bir ölkənin iqtisadi sabitliyini, borcları ödəmə qabiliyyətini və investisiyalar cəlb etmə potensialını əks etdirən maliyyə-iqtisadi pasportudur.

İllərdir əhəmiyyətli iqtisadi artım göstərən Azərbaycanın kredit reytinqi bəzi az inkişaf etmiş ölkələrdən daha aşağı səviyyədədir. Belə bir uyğunsuzluq bir sıra suallar doğurur.

Bu günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində hökumətin beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişikliklər gördüyünü bildirib. Lakin, dövlət başçısı eyni zamanda qeyd edib ki, beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər.

Azərbaycanın hazırkı reytinqi nədir?

Ötən il dünyanın üç aparıcı reytinq agentliyi – “Standard&Poor’s” (S&P), “Fitch Ratings” və “Moody’s” Azərbaycanın kredit reytinqini nisbətən yüksək səviyyədə təsdiqləmiş, güclü fiskal ehtiyatları və xarici balansı əsas üstünlüklər kimi göstəriblər.

“Moody’s” iqtisadiyyatın diversifikasiyası ilə bağlı optimizmi vurğulayaraq reytinq üzrə proqnozu (“Вa1”, “müsbət”) “sabit”dən “müsbət”ə dəyişdirmişdir. “Fitch Ratings” reytinqi bir pillə yüksəldərək investisiya səviyyəsinə çatdırmış (“ВВВ-”, “sabit”), S&P isə reytinqlər üzrə sabit proqnozunu (“ВВ+/В”, “sabit”) saxlamışdır.

Onu da qeyd edək ki, “Fitch Ratings”in investisiya reytinqi sayılan “ВВВ-” Azərbaycana təxminən 9 il sonra qayıdıb. O zaman, ölkəmizin investisiya reytinqi 2016-cı ilin fevralında aşağı salınmışdır. Bu qərar neft qiymətlərinin kəskin şəkildə düşməsi və ardınca 2015-ci ildə baş verən iki devalvasiyadan sonra alınmışdır. Lakin sonrakı illərdə hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində ölkə iqtisadiyyatı yenidən inamlı yüksəliş yoluna qayıdıb və daha bir böhranı – COVID-19 pandemiyasını uğurla dəf edib.

Digər iki agentlik hələlik Azərbaycana investisiya reytinqi verməyib, lakin hər iki halda ölkəmiz bu reytinqdən bir addımlıqdadır. “Moody’s”də investisiya reytinqi “Baа” səviyyəsindən, S&P-də isə “Fitch”də olduğu kimi “ВВВ-”dən başlayır.

Niyə investisiya reytinqi bu qədər vacibdir?

İnvestisiya səviyyəsi göstərir ki, emitent defolt ehtimalı aşağı olan etibarlı borcalan hesab edilir. Kredit reytinqinə xarici balans, cari əməliyyatlar hesabının saldosu, fiskal mənfəət, dövlət borcu, pul-kredit siyasəti, iqtisadi artım və dövlət qurumlarının effektivliyi kimi bir sıra makroiqtisadi amillər təsir edir. Daha yüksək reytinqin olması ölkənin sabit, biznes üçün təhlükəsiz və investisiyalar üçün daha cəlbedici bir yer olduğunu göstərir.

Bundan əlavə, yüksək reytinqli dövlətlər beynəlxalq kapital bazarlarından daha sərfəli şərtlərlə, yəni daha aşağı faiz dərəcələri ilə vəsait cəlb edə bilərlər. Bu, büdcədəki borc yükünü azaltmağa və qənaət olunan vəsaitləri sosial-iqtisadi inkişafa yönəltməyə imkan verir.

Yüksək kredit reytinqi ölkənin beynəlxalq nüfuzunu artırır, dünya arenasında mövqeyini gücləndirir və milli valyutaya inamı artırır. Bundan əlavə, investisiya reytinqi iqtisadiyyatın müxtəlif sektorlarına müsbət təsir göstərir. Məsələn, şirkətlər maliyyəyə daha asan çıxış əldə edə, istehsalı genişləndirmək və yeni layihələr həyata keçirmək üçün investisiya cəlb edə bilərlər. Yüksək reytinq həmçinin qiymətli kağızlar bazarının inkişafını dəstək verməklə investorlar üçün cəlbediciliyini artırır.

Bu səbəblərdən kredit reytinqinin yüksəldilməsi hər bir dövlət üçün strateji məqsəddir, çünki bu, davamlı iqtisadi artımı, əhalinin həyat səviyyəsinin yüksəlməsini və beynəlxalq aləmdə ölkənin nüfuzunun güclənməsini dəstəkləyir.

Azərbaycan hansı ölkələrlə eyni reytinq qrupundadır?

S&P, “Moody's” və “Fitch Ratings” kimi üç aparıcı reytinq agentliyinin kredit reytinqi təyin etmə metodologiyaları bəzi məqamlarda oxşar olsada, bir-birindən fərqlənir. Buna görə də Azərbaycanın "kredit qonşuları" hansı agentliyin ölkəyə reytinq verdiyindən asılı olaraq dəyişir.

Məsələn, S&P Panama, Oman, Marokko və Kolumbiyaya eyni reytinq ("ВВ+") verib. “Fitch Ratings”in siyahısı bir qədər fərqlidir: bizim ölkəmizlə yanaşı, Yunanıstan, Hindistan, Meksika və Rumıniya da “ВВВ-” investisiya reytinqinə malikdir. “Moody's” metodologiyasına görə (“Ва1”) Azərbaycanın təmsil olduğu qrup Braziliya, Yunanıstan, Qvatemala, Marokko və Omandan ibarətdir.

Bununla belə, Azərbaycanın reytinqi bir sıra iri iqtisadiyyata malik olan ölkələrdən daha yüksəkdir. Məsələn, Türkiyə (“ВВ-”), İordaniya (“В+”), Misir (“В-”), Pakistan (“ССС+”), İraq (“В-”), Özbəkistan (“ВВ-”) və Cənubi Afrika (“ВВ-”).

Niyə Azərbaycan daha yüksək reytinqə layiqdir?

Bir çox iqtisadi göstəricilərə görə Azərbaycan hazırda özündən daha yüksək və ya eyni reytinqə malik olan ölkələri geridə qoyub.

Məsələn, “Fitch”in məlumatına görə, 2024-cü ilin sonunda Azərbaycanın xalis xarici kreditor mövqeyi ÜDM-in 154 %-i səviyyəsində proqnozlaşdırılır ki, bu da “BBB” reytinqli suveren ölkələr arasında ən güclü göstəricidir. Agentlik həmçinin yaxın illərdə ölkənin cari əməliyyatlar hesabının profisitli olmağını və “BBB” kateqoriyasında ən yüksək səviyyədə qalacağını gözləyir.

2024-cü ildə Azərbaycanın xarici valyutada suveren aktivləri 72 milyard ABŞ dollara çatıb ki, bu da agentliyin ölkəmizin suveren reytinqini ilk dəfə investisiya səviyyəsinə yüksəltdiyi 2010-cu ilin göstəricilərindən xeyli yüksəkdir. “Fitch”, Azərbaycanın xalis suveren aktiv mövqeyinin 2024-cü ildə ÜDM-in 71 %-i səviyyəsində proqnozlaşdırıldığını və “BBB” və “A” reytinqli suveren ölkələr arasında ən yüksək səviyyədə qalacağını qeyd edir.

Son illərdə ölkənin xarici borcu mütləq ifadədə azalıb və yaxın gələcəkdə Azərbaycanın dövlət borcu “Fitch”in investisiya səviyyəli suveren emitentlər arasında ən aşağı göstəricilərindən biri kimi qalacaq – yəni yalnız "BBB" qrupunda deyil, “BBB”dən “AAA”yə qədər olan bütün investisiya səviyyəli qruplar arasında.

S&P öz növbəsində qeyd edir ki, Azərbaycanın suveren fondu bəzi eyni reytinqli ölkələrdən fərqli olaraq (məsələn, Körfəz Əməkdaşlıq Şurası ölkələri) daha şəffaf hesabatlılıq təqdim edir. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiyalarının strukturu barədə ətraflı məlumat verən audit edilmiş illik hesabatlar dərc edir.

“Moody’s” dəfələrlə Azərbaycanın yüksək büdcə intizamına və effektiv fiskal siyasətinə diqqət çəkib. Agentlik konsolidasiya olunmuş fiskal balansın əhəmiyyətli dərəcədə yaxşılaşmasını vurğulayıb – 2020-ci ildə ÜDM-in 6 %-i həcmində olan kəsir 2023-cü ildə ÜDM-in 8 %-i həcmində profisitə çevrilib.

Hərçənd dövlət büdcəsi kəsirli qalır, bu kəsir əhəmiyyətsizdir və son illər ərzində ÜDM-in təxminən 1-3 %-i səviyyəsində olub. "Moody’s" ötən ilki hesabatında vurğulamışdır ki, "fiskal ehtiyatlardan səmərəli istifadə sayəsində stress dövrlərində fiskal çeviklik və sonradan ehtiyatlı büdcə siyasətinə sürətli dönüş dövlət maliyyəsinin etibarlı idarə olunmasından xəbər verir ki, bu da oxşar reytinqə malik ölkələrlə müqayisədə daha dayanıqlı fiskal göstəricilərə nail olmağa imkan verir".

Mövcud imkanlar və risklər

Azərbaycan iqtisadiyyatının güclü tərəfləri möhkəm xarici balans, əhəmiyyətli xarici valyuta ehtiyatları ilə xarakterizə olunan möhkəm valyuta mövqeyi, cari hesabın profisiti, qeyri-neft-qaz sektorunun ciddi artım tempi, pul-kredit siyasətinin effektivliyinin artırılması və digər bir sıra amillərdir.

Belə ki, son illərdə Mərkəzi Bankın daxili likvidliyi idarə etmək qabiliyyəti əhəmiyyətli dərəcədə genişlənmişdir; dollarlaşmanın azalması fonunda bank sektorunun vəziyyəti yaxşılaşmış və hər il getdikcə valyuta risklərinə qarşı daha az həssas olur. Bank sektorunun aktivlərinin keyfiyyəti də yaxşılaşmış, kapital və likvidlik mövqeləri isə davamlılığını qoruyub saxlayır.

Daimi fiskal mənfəət güclü dövlət xarici aktivlərinin qorunmasına və makroiqtisadi disbalansların qarşısının alınmasına töhfə verir. Bu, eyni zamanda neft qiymətlərinin volatilliyini idarə etmək üçün manevr imkanları yaradır. Bununla yanaşı, hökumətin dövlət maliyyəsinin neft gəlirlərindən asılılığını azaltmaq istiqamətində səyləri Azərbaycanın kredit reytinqinə təsir edən əsas amillərdən biridir.

Bütün aparıcı üç reytinq agentliyi qeyri-neft-qaz sektorunun artan inkişaf tempi və həm ənənəvi, həm də bərpa olunan enerji sahələrində genişlənən imkanlarla müşayiət olunan diversifikasiya tendensiyasını vurğulayır. Burada Avropanın Azərbaycan qazına artan tələbatı, Qarabağ və ölkənin digər bölgələrində bərpa olunan enerji sahəsində yeni layihələrin reallaşdırılması, Avropa ölkələrinə "yaşıl enerji"nin tədarükü və Avropa İttifaqı ölkələrinə elektrik enerjisinin ötürülməsi üçün sualtı kabelin çəkilişi kimi nümunələri qeyd etmək olar.

Neft-qaz sektorundan kənar iqtisadi artımın daha yüksək olması, tikinti sahəsi, yük və sərnişin daşımalarının inkişafı, İKT bazarının və pərakəndə ticarət dövriyyəsinin genişlənməsi ilə bağlıdır. Bu, “Fitch” agentliyi tərəfindən Azərbaycanın reytinqinin artırılmasına və “Moody’s” tərəfindən proqnozun yaxşılaşdırılmasına töhfə verən amillərdəndir. 2024-cü ilin yanvar-noyabr aylarının nəticələrinə əsasən, ölkənin qeyri-neft-qaz iqtisadiyyatı 6,4 % artıb. Belə güclü iqtisadi diversifikasiya dinamikasının yaxın illərdə də davam edəcəyi gözlənilir.

Müsbət dəyişikliklər fonunda Azərbaycanın kredit reytinqinin yüksəlməsinə səbəb ola biləcək bəzi çağırışlar hələ də mövcuddur. Ümumilikdə, reytinqin artırılması üçün lazım olan meyarlar haqqında danışarkən agentliklər, hökumət tərəfindən artıq həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyinə istinad edirlər. Məsələn, iqtisadi siyasət çərçivələrinin və institusional potensialın daha da gücləndirilməsi, bu da ölkənin şoklara davamlılıq qabiliyyətini artırmağa kömək edə bilər. Xüsusilə kapital bazarlarının inkişaf etdirilməsi məsələsinə diqqət yetirilir.

Bu gün ölkəmiz iqtisadi nailiyyətlərinin yeni bir mərhələdə tanınması ərəfəsindədir. Azərbaycanın beynəlxalq agentliklər tərəfindən qiymətləndirilməsi məsələsi sadəcə rəqəmlərin müqayisəsi deyil. Bu, real dayanıqlılığı, artım perspektivlərini və böhranlara qarşı müqavimət qabiliyyətini nəzərə almalı olan qlobal standartlara bir çağırışdır.

Mövcud çağırışlara baxmayaraq, ölkə güclü dövlət aktivləri, dayanıqlı qeyri-neft sektoru artımı və islahatlara bağlılığı sayəsində kredit reytinqini artırmaq üçün bütün şərtlərə malikdir. Bu, Azərbaycanın beynəlxalq arenada cəlbedici və etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Bəlkə də, artıq reytinq agentliklərinin yanaşmalarını yenidən nəzərdən keçirməsinin və bu reallığı qəbul etməsinin vaxtı gəlib çatıb.

Azad Həsənov, rəqəmsal iqtisadiyyat sahəsində analitik və ekspert