Filmdən sonra: "It Ends with Us"
Turanə Hüseynli yazır...
Son illərdə həyatımıza daxil olan bəzi yeni anlayışlar və duyğular var.
Keçmiş nəsillərdən bizə ötürülən psixoloji bağları, ailə daxili zəncirvari travmaları araşdıran seanslar, eləcə də valideynlərimizin təkrarlanan mənfi həyat ssenarilərini qırmağımızın vacib olduğunu bizə anlatan minlərlə hekayə və çıxış artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib.
Məhz bu mövzuların tam tumurcuqlandığı bir dövrdə - 2016-cı ildə amerikalı yazar Kollin Huver anasının yaşadığı çətin evlilik təcrübəsindən ilhamlanaraq qələmə aldığı "Hər şey bizimlə bitir" (It Ends with Us) romanını dərc edir. Bu əsər sosial şəbəkələrdə, xüsusilə "BookTok" dalğasında milyonlarla oxucunun şəxsi gündəliyinə çevrildi. Qısa müddətdə dünya üzrə milyonlarla nüsxəsi satılan, uzun müddət "The New York Times Best Seller" siyahısında qalan romanın əsasında 2024-cü ildə kinoteatrlarda böyük kommersiya uğuru qazanmış eyniadlı film ərsəyə gəlir. Ekran işinin baş rollarında Bleyk Layvli (Lili), Castin Baldoni (Rayl) və Brandon Sklenar (Atlas) çıxış edirlər.
Filmin rejissoru və eyni zamanda baş rol ifaçılarından biri Castin Baldonidir. O, bu layihəni uzun illər ərzində həyata keçirmək üçün çalışdığını bildirib. Castin müsahibələrinin birində deyir ki, bu filmi romantik dram kimi deyil, travmanın necə miras qaldığını göstərən bir insan hekayəsi kimi çəkmək istəyib. Məncə, bu yanaşma onda olduqca uğurlu alınıb.
Gələk filmin əsas hekayəsinə və hadisələrin gedişatına. Bütün hadisələr qəhrəmanımız Lili Blumun atasının ölümündən sonra yeni həyata başlamaq ümidi ilə Boston şəhərinə köçməsi ilə başlayır. Burada neyrocərrah Rayl Kinkayd ilə tanış olub böyük bir sevgi yaşaması ilə bərabər, hekayə maraqlı və həyəcanlı hala düşür. Zaman keçdikcə Raylın qaranlıq tərəfi və qəzəbini idarə edə bilməməsi üzə çıxır. Lili özünü uşaqlıqdan şahidi olduğu məişət zorakılığı girdabının daxilində tapır. Məhz bu vaxt onun ilk sevgisi Atlas Koriqan yenidən həyatına qayıdır və Lili öz taleyini dəyişəcək çox çətin bir seçim qarşısında qalır.
Bu film romantik dram kimi başlasa da, izlədikcə insan özünü bir hesabatın ortasında - ağır suallarla boğuşan vəziyyətdə görür. Çünki yazarın da üzərində işlədiyi - nəsillərdən gələn o qapalı dairəni qırmaq ideyası üzərinə qurulmuş bu hekayə, film irəlilədikcə daxilimizdə öz missiyasını yerinə yetirməyə başlayır. Maraqlısı odur ki, filmdə rənglər və kadrlar da məhz bunun üzərində qurulub: Lilinin gül dükanı, çiçəklər, pəncərələrdən axan işıq və insanı qucaqlayan isti rənglər; sonra isə ev - soyuq divarlar, boz işıq və uzanan kölgələr... Rejissor öz kinematoqrafik danışıq dilində əslində iki fərqli dünyanın içində yaşadığımızı göstərmək istəyib.
Filmdə diqqətimi ən çox çəkən simvollardan biri də pilləkənlər idi. Lili ilə Rayl arasındakı ən ağır səhnələrin çoxu keçid məkanlarında baş verir: qapılar, dəhlizlər, pilləkənlər və liftlər. Rejissor sanki hər şeyin iki mərtəbənin arasındakı o görünməyən pillələrdə baş verdiyini göstərməyə çalışır.
Çünki insanın həyatı da elə keçidlərdən ibarətdir. Uşaqlığımızda yalnız xatirələr toplamırıq, məsələn; biz sevginin formasını ilk dəfə orada öyrənirik. Yetkinliyə keçid etdiyimizdə isə ürəyimiz sevgini məhz həmin dildə tanıyır və həmin dildə danışmağa başlayır. Yetkin münasibətlərində danışılan "dil" bir tərəfin "adi" danışıq dili olsa da, bəzən qarşı tərəfin kabusuna çevrilə bilir.
"Hər şey bizimlə bitir" filminin ən böyük uğuru zorakılığı gözümüzə soxmadan, əslində onu real həyatda necə tanıya bilmədiyimizi anlatması, sevginin hansı anda təhlükəyə çevrilə biləcəyini olduqca incə və zərif formada göstərməsidir.
Bəhanələrin daxili dünyamızda yavaş-yavaş ev tikdiyi, sualların və bəzən cavabların çox olduğu xarici dünyamızda qərarlarımızı başqalarının qorxuları üzərində deyil, özümüzü seçərək verməyin həzzini duymaq üçün bu filmə şans verməyə dəyər bəlkə də. Filmdən sonra isə ekranın qarşısından qalxmazdan əvvəl özünüzə dürüst bir sual verin: "Mən həyatda əslində kimi xilas etməyə çalışırdım?"
