Dövlət qurumlarının çağrı mərkəzləri niyə pulludur? - ARAŞDIRMA

Azərbaycanda bir çox dövlət qurumlarına zəng etmək üçün vətəndaş əlavə ödəniş etməli olur. Halbuki həmin qurumlar dövlət büdcəsindən – yəni xalqın vergiləri hesabına maliyyələşir. Bəs vətəndaş niyə dövlətə çatmaq üçün ikiqat pul ödəməlidir?
Çağrı mərkəzlərinin əsas funksiyası şəffaf, operativ və əlçatan xidmət göstərməkdir. Amma hazırkı sistem bu funksiyalara zidd işləyir. Vətəndaş sadə bir sual vermək üçün əvvəlcə balansını yoxlamalı olur. Ən pisi odur ki, çox zaman bu zənglər “saytda qeyd olunub”, “gözləyin”, “əlaqə saxlayacağıq” kimi standart cavablarla bitir.
Şəxsi təcrübəmi deyim: Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng etdim. Operatora qoşulmaq üçün düz 2 dəqiqə mənə lazım olmayan mesajlara qulaq asdım və ortada, boş-boşuna pulum getdi.
Bəzən cavab verilməsə də, növbədə gözləyərkən belə balansdan pul silinir. Bu isə xüsusilə internetə çıxışı olmayan, bölgələrdə yaşayan insanlar üçün ciddi problemdir. Dövlətə çatmaq üçün əlavə ödəniş tələb etmək sosial ədalətsizlikdir.
Dövlət qurumlarının çağrı mərkəzləri vətəndaşa xidmət üçün var. Onsuz da maaşlar, texniki təminat və digər xərclər büdcədən – xalqın cibindən – qarşılanır. Bir də niyə zəng üçün pul ödənilməlidir?
Dövlət çağrı mərkəzləri tamamilə ödənişsiz olmalıdır. Bu həm ədalət, həm də xidmət prinsiplərinin tələbləridir.
Abbasəli Hüseyni
PR və marketinq mütəxəssisi
Oxşar Xəbərlər:



