Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib
Nepallı alpinist Kami Rita 29-cu dəfə Everesti fəth edərək, dağa uğurlu qalxma sayına görə öz rekordunu yeniləyib.
“The Himalayan Times” xəbər yayıb ki, bu barədə alpinistin “14 Peaks” dağ ekspedisiyasının təşkilatçı şirkətinin nümayəndəsi Taşi Lakpa bildirib.
Zirvənin fəth edilməsi faktını baza düşərgəsində işləyən alpinizm ekspedisiyalarını müşayiət edən operativ qərargah da təsdiqləyib.
54 yaşlı alpinist Kami Rita təxminən 30 nəfərdən ibarət alpinist komandanı müşayiət edib. Onlar mayın əvvəlində Everest yaxınlığında baza düşərgəsinə çatıblar və o vaxtdan dağa qalxmaq üçün uyğun vaxtı gözləyiblər.
Kami Rita ilk dəfə Everest zirvəsinə 1994-cü ildə, 24 yaşında olarkən çıxıb. Bu dəfə zirvəyə qalxmazdan əvvəl o, Everestə ekspedisiyaların sayı ilə bağlı konkret hədəfinin olmadığını bildirib.