Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.
DİM-dən LiderXəbər-ə verilən xəbərə görə, bu il mayın 5-də keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.
Rezidenturaya qəbul imtahanın 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.
Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılırlar.
İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 1-11 aprel tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak edə bilmək üçün mayın 10-dan 19-dək ərizə verməlidirlər.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Onlar da mayın 10-dan 19-dək qeydiyyatdan keçib iştirak edə bilərlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.