Pressa.az » Ölkə » Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinə başçəkmələr həyata keçirilib

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinə başçəkmələr həyata keçirilib

17 mart 2025, Bazar ertəsi, 10:22
Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Elm və Təhsil Nazirliyinin nəznində fəaliyyət göstərən E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinə və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə planlı başçəkmələr həyata keçirilib. 

Başçəkmələrin məqsədi bu müəssisələrdə saxlanma şəraitinin, rəftar məsələlərinin, uşaq hüquqlarının təmini vəziyyətinin yoxlanılması, eyni zamanda, əvvəlki başçəkmələr zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmasının monitorinqi olub.

Başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib.

Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.