Naxçıvanda beynəlxalq geologiya ilə bağlı forum keçirilir - Fotolar

Naxçıvan şəhərində 10-dan çox xarici ölkə təmsilçisinin iştirak etdiyi “Geomining – 2025, Beynəlxalq Geologiya-Mədənçilik Forumu” keçirilir.
Liderxeber.az xəbər verir ki, forumun əsas məqsədi Naxçıvanın dağ-mədən sənayesinin inkişaf potensialını təqdim etmək, bu sahədə innovativ yanaşmaların öyrənilməsi, fikir mübadiləsinin aparılması və mineral resursların istismarına dair qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Eyni zamanda tədbir ətraf mühitə uyğun və dayanıqlı mədənçilik fəaliyyətinin təşviqi, elmi-praktiki müzakirələr və təcrübə mübadiləsi üçün platforma yaratmaq baxımından böyük əhəmiyyət daşıyır.
Forumda əcnəbi və yerli dövlət qurumlarının rəsmiləri və nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları, yerli və xarici investorlar, beynəlxalq dağ-mədən şirkətlərinin təmsilçiləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin əcnəbi təmsilçiləri iştirak edirlər. Məhz bu baxımdan tədbir Naxçıvanın geoloji və mədənçilik sahəsindəki potensialının dünyaya tanıdılması, bu sahədə dayanıqlı və innovativ inkişaf modelinin qurulması istiqamətində mühüm addımlardandır.
Tədbirin rəsmi hissəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya-mineralogiya elmləri doktoru Mirzayev Abdurazak Umirzakoviç, Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Reza Vəziri, Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi Mədən tədqiqi və axtarış baş idarəsinin baş direktoru Vedat Yanık, Türkiyənin Naxçıvan MR-də baş konsulu Asip Kaya və Naxçıvan MR-in ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayevin çıxışı dinlənilib. Daha sonra geologiya və mədənçilik sahəsində qardaş Türkiyə ilə əməkdaşlığın daha da dərinləşməsi, texniki bilik və resurs mübadiləsinin sistemli şəkildə həyata keçirilməsinə zəmin yaratmaq məqsədilə memorandum imzalanıb.
Davam edən Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə panel müzakirələr həyata keçiriləcək, geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı, mədən sənayesində rəqəmsallaşma, resursların səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi kimi aktual məsələlər ətrafında müzakirə və fikir mübadilələri aparılacaq.
Qeyd edək ki, Beynəlxalq Geologiya-Mədənçilik Forumu Naxçıvan MR-də Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir.



Oxşar Xəbərlər:



