Pressa.az » Ölkə » BDYPİ uşaqlarla bağlı profilaktik ay elan etdi

BDYPİ uşaqlarla bağlı profilaktik ay elan etdi

04 sentyabr 2025, Cümə axşamı, 13:17
BDYPİ uşaqlarla bağlı profilaktik ay elan etdi

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq sentyabrın 5-dən oktyabrın 5-dək respublikamızda ənənəvi “Diqqət, uşaqlar!” şüarı altında yol hərəkəti təhlükəsizliyi ayı keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYİ) məlumat yayıb.

Bildirilib ki, bu tədbirin əsas məqsədi bütün yol hərəkəti iştirakçılarının diqqət və məsuliyyətini artırmaq, xüsusilə uşaqların və yeniyetmələrin həyatının qorunmasına nail olmaq, onların yol qəzalarının qurbanına çevrilməsinin qarşısını almaqdır.

İdarə valideynlərə və böyüklərə müraciət edərək bildirir ki, uşaqların təhlükəsizliyi ilk növbədə onların məsuliyyətli davranışından asılıdır.

Eyni zamanda sürücülərə xüsusilə xatırladılır:

- Təhsil müəssisələrinin, uşaq bağçalarının və yaşayış məhəllələrinin yaxınlığında hərəkət edərkən sürəti minimuma endirin;

- Piyadalara, xüsusilə də uşaqlara keçidlərdə mütləq yol verin;

- Yol nişanlarına, işıqforların siqnallarına və nişanlanma xətlərinə ciddi əməl edin;

- Manevr zamanı daha diqqətli olun, dayanma-durma qaydalarını pozmayın.

Unutmayaq ki, qaydalara əməl etməklə biz yalnız özümüzü deyil, ətrafımızdakı insanların da həyatını qoruya bilirik. Ən başlıcası isə uşaqlarımızın təhlükəsizliyini təmin edirik.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını əl-ələ verərək uşaqların təhlükəsizliyini qorumağa, yol qəzalarının qarşısını almağa dəvət edir.

Uşaqları qoruyaq – gələcəyimizi qoruyaq!”- məlumatda bildirilib.