Nazirlik Azərbaycanda pensiya yaşı ilə bağlı məlumat yaydı

Maliyyə Nazirliyi bir neçə gündür Azərbaycanda pensiya yaşının artırılcağına dair yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Liderxeber.az-a verilən məlumata görə, Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur.
“Ənənəvi olaraq hər il olduğu kimi bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.
Nazirlik tərəfindən dərc olunmuş “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur.
“Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq”, - açıqlamada vurğulanıb.