Pressa.az » Ölkə » Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib-gedib?

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib-gedib?

23 oktyabr 2025, Cümə axşamı, 16:15
Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib-gedib?

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn və ölkədən gedən sərnişinlərin nəqliyyat vasitələrinə görə bölgüsündə maraqlı bir məqam diqqət çəkib.

Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə 1 milyon 948 min 200 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların istifadə etdiyi əsas istifadə etdiyi nəqliyyat vasitəsi təyyarə olub. Gələnlərin 438 min 345 nəfəri, yəni 22.5 faizi dəmir yolu və avtomobil yolundan, 25 min 326 min nəfər, yəni 1.3 faizi dəniz yolundan istifadə ediblər.

Eyni dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 605 min nəfər olub ki, onların 441 min 375 nəfəri, yəni 27.5 faizi dəmir yolu və avtomobil yolu ilə, 30 min 495 nəfəri, yəni 1.9 faizi dəniz yolu ölkəni tərk ediblər.

Bu xəbərin dərcindən sonra sosial şəbəkələrdə belə bir müzakirəyə rast gəlinib ki, Azərbaycanın quru sərhədlərinin COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin mart ayından sərnişin gediş-gəlişi üçün bağlı olduğu halda, ölkəyə quru yolla təxminən 1 milyon nəfər necə gəlib-gedib?

Qeyd edək ki, Azərbaycanda quru yolu ilə giriş və çıxış Nazirlər Kabinetinin qərarları və COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi çərçivəsində tənzimlənir.

Yük daşımaları istisna təşkil edir və quru sərhədləri vasitəsilə həyata keçirilir. Yəni yük maşınlarının sürücüləri quru yolla gedib-gəlirlər. Digər şəxslərin giriş-çıxışı yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş xüsusi icazə əsasında mümkündür. Qonşu ölkələrin vətəndaşları isə zəruri icazə olmadan ölkəni tərk edə bilirlər. Belə ki, Azərbaycana təyyarə ilə gələn Gürcüstan, Rusiya, Türkiyə və İran vətəndaşları ölkəni quru yolla tərk etmək imkanına sahibdirlər.

Həmçinin, bu il İran-İsrail müharibəsi dövründə bölgədəki gərginlik səbəbindən xeyli sayda əcnəbi tranzit sərnişin Azərbaycan ərazisini quru yolu ilə tərk etdi. Eyni zamanda xeyli sayda Azərbaycan vətəndaşı da dövlət qurumlarının aktiv müdaxiləsi nəticəsində quru yolla İrandan çıxarıldı. Bu, İran istiqamətindəki keçidlərdə hərəkətin artmasına səbəb olmuşdu.

Bütün bunlar isə yekunda qanunamüvafiq olaraq rəsmi statistik rəqəmlərdə əksini tapıb.