Pressa.az » Ölkə » Hansı halda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır?

Hansı halda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır?

24 oktyabr 2025, Cümə, 14:00
Hansı halda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır?

"Beynəlxalq standartlara (ISO 45001) görə, bütün iş yerlərində risklərin qiymətləndirilməsi aparılmalıdır.

Riskin qiymətləndirilməsinin əsas məqsədi ondan reaktiv deyil, preventiv tədbir kimi istifadə edilməsidir. İstehsalatda işçilərin sağlamlığına və həyatına, eləcə də bütövlükdə müəssisənin işinə mənfi təsir göstərə biləcək riskləri düzgün qiymətləndirmək onların aradan qaldırılması üçün təsirli tədbirləri hazırlamağa imkan verir".

Liderxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, ölkəmiz Beynəlxalq Əmək Təşkilatının Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (yəni SƏTƏM) üzrə iki əsas - 155 və 187-ci Konvensiyalarına qoşulub və Əmək Məcəlləsi bu Konvensiyaların tələblərinə, demək olar ki, cavab verir:

"Lakin milli qanunvericiliyimizdə, risklərin qiymətləndirilməsinin aparılması metodikası müəyyən edilməyib, buna görə də işəgötürən riskin qiymətləndirilməsini beynəlxalq təcrübəyə əsasən təmin etmək, təsdiqləmək və tətbiq etmək hüququna malikdir. İşəgötürənlər iş fəaliyyətinin işçilərə və digər şəxslərə zərər verməməsi üçün hüquqi və mənəvi öhdəlik daşıyır. Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən, əməyin mühafizəsi işinin təşkili üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalı, əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis edilməlidir. Bu, iş yerində sağlamlığın, sağlam ətraf mühitin təminatı rolunu oynayır".