Pressa.az » Ölkə » Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb

12 noyabr 2025, Çərşənbə, 12:14
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb

"8 noyabr 2025-ci il tarixində Azərbaycan ərazilərinin işğalına son qoyan, bölgədə sülh, sabitlik və inkişaf üçün yeni imkanlar açan 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış Zəfər Gününün beşinci ildönümü qeyd olunur".

Liderxeber.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanatında bildirilib.

"Beş il əvvəl Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və ədalətin bərpası üçün sürətli əks-hücum əməliyyatı ilə beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü təmin etdi.

Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəldi. Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutması beynəlxalq humanitar hüquq və fundamental insan hüquqları ilə bağlı beynəlxalq sənədlərin, xüsusilə "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Konvensiyanın müddəalarının kobud şəkildə pozulduğunu göstərib və bu hücumlar insan itkiləri ilə nəticələnib. Onların arasında qadınlar və uşaqların da olması, bütöv ailələrin məhv edilməsi Ermənistanın insanlığa qarşı törətdiyi cinayətlərin miqyasını və qəddarlığını açıq şəkildə göstərir.

Müharibədən sonra Ermənistanın işğal dövründə ərazilərə basdırdığı minalar insanların həyatını riskə atmaqla yanaşı, uşaqların və gənc nəslin təhlükəsiz mühitdə böyüməsinə, ailələrin sülh şəraitində həyatlarını qurmasına mane olub. 2020-ci ilin noyabr ayından bu günə qədər 400 nəfərdən çox mülki şəxs, o cümlədən qadın və uşaqların həyatına son qoyan mina təhlükəsi, həmçinin işğal dönəmində təbii ehtiyatlarımızın qanunsuz istismarı, su ehtiyatlarının çirklənməsi sosial-iqtisadi inkişafa, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə, əhalinin ləyaqətli qayıdışına, ətraf mühitə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini ləngidir.

Azərbaycanın əldə etdiyi bu tarixi Zəfər nəticəsində dövlətimiz öz torpaqlarını azad etməklə yanaşı, irimiqyaslı bərpa-quruculuq layihələri ilə müşayiət olunan dayanıqlı sülhə, tərəqqiyə əsaslanan yeni bir mərhələyə qədəm qoymuşdur.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər uğurla davam etdirilir. Bölgədə ərazilər minadan təmizlənir, yeni tikilən müasir yaşayış məntəqələri ilk sakinlərini qəbul edir, doğma torpaqlarına qayıdan ailələr üçün məşğulluq imkanları yaradılır, sosial obyektlər inşa olunur, sənaye müəssisələri istifadəyə verilir. Görülən tədbirlər əhalinin tezliklə doğma torpaqlarına qayıdışını təmin etməyə, ailələrin sərhədyanı ərazilərdə təhlükəsiz şəraitdə yaşamasına və bölgənin davamlı inkişafına xidmət edir. Eyni zamanda, azad edilmiş ərazilərdə yolların, enerji və kommunikasiya xətlərinin çəkilməsi istiqamətində mühüm işlər görülür. Region ölkələri arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastrukturun yaradılması və bölgənin mühüm logistika mərkəzinə çevrilməsi sülhə xidmət edəcək.

2025-ci il avqustun 8-də ABŞ-də birgə Bəyannamənin imzalanması, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması barədə sülh Sazişinin paraflanması regionda yeni tarixi mərhələnin başlanğıcını qoyub. Bəyannamə Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu tarixi sənəd nəqliyyat, iqtisadi və humanitar əlaqələrin inkişafına geniş imkanlar açaraq, bölgədə dayanıqlı təhlükəsizlik və rifah mühitinin formalaşmasına töhfə verəcək.

Bu gün biz Zəfərimizin beşinci ildönümünü qürur hissi ilə qeyd edərkən, eyni zamanda, humanizm və ədalət prinsiplərini rəhbər tutaraq bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərimizi davam etdiririk. Azərbaycan Respublikası hər zaman beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarının müdafiəsinə, mehriban qonşuluq münasibətlərinə və ümumbəşəri dəyərlərə sadiq qalır, cəmiyyətin rifahı və gələcək nəsillərin sülh şəraitində yaşaması istiqamətində ardıcıl fəaliyyət həyata keçirir", - bəyanatda deyilir.