Pressa.az » Ölkə » Azərbaycanda internetin keyfiyyətində ciddi irəlləyiş var – AÇIQLAMA

Azərbaycanda internetin keyfiyyətində ciddi irəlləyiş var – AÇIQLAMA

20 noyabr 2025, Cümə axşamı, 11:33
Azərbaycanda internetin keyfiyyətində ciddi irəlləyiş var – AÇIQLAMA

Aparılan infrastruktur layihələrinin nəticələri artıq rəqəmlərdə öz əksini tapır və bu dinamika ölkəmizin rəqəmsal inkişaf strategiyası ilə birbaşa uzlaşır. “Ookla”nın son hesabatında genişzolaqlı internet sürətinin 12 ay ərzində 84,82 Mbit/s-ə yüksəlməsi – yəni illik 47%-lik artım – göstərir ki, genişmiqyaslı fiber-optik şəbəkələrin qurulması, “Onlayn Azərbaycan” kimi proqramların mərhələli tətbiqi və provayderlər arasında real rəqabətin formalaşması internet keyfiyyətinə ciddi təkan verir.

Liderxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov məlumat verib.

Onun sözlərinə görə, 2022-ci illə müqayisədə sürətin üç dəfədən çox artması və Azərbaycanın qlobal reytinqdə 35 pillə irəliləyərək 119-cu yerdən 84-cü yerə yüksəlməsi rəqəmsal transformasiyanın artıq makro göstəricilərə təsir etdiyini göstərən ən konkret sübutlardır.

Bu artım təkcə internet sürətinin yüksəlməsi kimi qiymətləndirilməməlidir. Daha geniş mənzərədə ölkədə rəqəmsal xidmətlərin əlçatanlığının artırılması, biznes proseslərinin sürətlənməsi, təhsil və səhiyyə kimi sahələrdə onlayn imkanların genişlənməsi, həmçinin startap ekosisteminin inkişafı üçün əlverişli mühitin formalaşması deməkdir. İnfrastrukturda davam edən modernləşmə, yaxın illərdə həm sabit, həm mobil şəbəkələrdə daha rəqabətli nəticələr və regional liderlik üçün real perspektiv yaradır.

Azərbaycanda rəqəmsallaşma xəttinin ardıcıl davam etdirilməsi ölkənin həm iqtisadi, həm də sosial inkişafında mühüm rol oynayacaq və internetin keyfiyyət göstəriciləri bu prosesin aparıcı indikatorlarından biri olaraq qalacaq.