Pressa.az » Ölkə » Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi fəaliyyətə başladı - Fotolar

Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi fəaliyyətə başladı - Fotolar

17 dekabr 2025, Çərşənbə, 15:42
Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi fəaliyyətə başladı - Fotolar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi və “İsrail Aerokosmik Sənayesi” korporasiyasının birgə əməkdaşlığı ilə Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi təsis edilib. 

Mərkəzin missiyası Azərbaycanda innovasiyalara dəstək vermək, innovativ təhsil, startapların inkişafı, innovativ sahibkarlıq, o cümlədən kosmik sahədə innovativ yanaşmanı və beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir. 

Mərkəzin açılışında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, “İsrail Aerokosmik Sənayesi” korporasiyasının və Holon Texnologiya İnstitutunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “AZCON Holding”in şirkətlərindən olan Azərkosmosun rəhbər nümayəndələri iştirak ediblər.

“Vistar” Mükəmməllik Mərkəzinin dekabrın 16-da baş tutan rəsmi açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya mədəniyyətinin inkişafı kontekstində beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulayıb: 

“Biz nüfuzlu qlobal texnologiya liderləri ilə əməkdaşlığı genişləndirərək onların Azərbaycana gəlməsini və qarşılıqlı fayda yaradan layihələr həyata keçirməsini dəstəkləyirik. Yeni yaradılan Mükəmməllik Mərkəzi də Azərbaycanda yüksək rəqabətqabiliyyətli startapların və ümumilikdə innovasiya mədəniyyətinin inkişafına təkan verəcək”. 

Tədbirdə, salamlama nitqi ilə, həmçinin “İsrail Aerokosmik Sənayesi” korporasiyasının prezidenti və baş icraçı direktoru Boaz Levi də çıxış edib. O bildirib ki, yeni yaradılan Mərkəz Azərbaycan və İsrail arasında yüksələn xətlə inkişaf edən əlaqələrin göstəricisidir: 

“Bizim ölkələr arasında daim qarşılıqlı etimada əsaslanan münasibətlər olub və bu gün texnoloji sahədə əməkdaşlığımızı gücləndirən mühüm bir addım atdıq. “Vistar” Mükəmməllik Mərkəzi innovatorlar üçün yeni imkanlar yaradacaq. Bununla da Azərbaycan və İsrail arasında texnoloji əməkdaşlıq daha dinamik inkişaf edəcək”.  

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin fəaliyyəti təhsil, innovasiya, kosmik sənaye və tədqiqat sahələrini əhatə edən tədris və akselerasiya modeli üzərində qurulub. Mərkəzdə beynəlxalq ekspertlərin iştirakı ilə ideyaların sınaqdan keçirilməsi, prototiplərin hazırlanması, startapların investisiya və bazarlara çıxışını hədəfləyən təlimlərin keçirilməsi nəzərdə tutulub.