Həmrəylik Günü Azərbaycan xalqının birləşmək məqsədinin simvoludur
Birmənalı olaraq deyə bilərik ki, milli günlər və bayramlar xalqların yaşadığı mühüm hadisələrdən uğurla çıxdıqları günlərin şәrәfinə qəbul edilir. Apardığı mübarizədən başı uca, üzü ağ çıxan xalqlar bu qüruru, sevinci xatırlamaq, unutmamaq və gələcək nəsillərə ötürmək üçün o günü bayram olaraq qeyd edirlər.
Bu günlərdə qaranlıqdan aydınlığa çıxışın verdiyi mənəvi zövq və özünə inam hisslərinin bəxş etdiyi xoşbəxtlik hakim olur. Artıq bir qərinədir ki, xalqımız tərəfindən dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. SSRİ-nin süqutunun son dövründə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək istəyi azərbaycanlıların xalq olduğunu dünya miqyasında bir daha nümayiş etdirdi. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə baş tutdu. Beləliklə, 1992-ci ilin 31 dekabrından Dünya Azərbaycanlılarının Həmrəylik günü bayram olaraq qeyd edilir.
Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.
Ulu Öndərin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün əmin əllərdədir və Ulu Ödərin mütərəqqi ideyalarını hər zaman rəhbər tutan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində ölkəmiz dayanıqlı inkişaf edərək daha da qüdrətlənir. Əminliklə deyə bilərik ki, nə qədər Azərbaycan milləti və dövləti var Dahi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siyasi fəaliyyəti hər zaman ölkəmiz üçün mayak rolunu oynayacaqdır.
Hüsniyyə Zeynalova;
Neftçala rayonu
