Pressa.az » Ölkə » Pakistanlı ekspert Əkinçilik Elmi-Tədqiqat İnstitutuna səfər edib

Pakistanlı ekspert Əkinçilik Elmi-Tədqiqat İnstitutuna səfər edib

10 fevral 2026, Çərşənbə axşamı, 13:32
Pakistanlı ekspert Əkinçilik Elmi-Tədqiqat İnstitutuna səfər edib

Kənd Təsərrüfatı və Nüvə Biologiyası İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, professor Məhəmməd Akhtar (NIAB, Faisalabad, Pakistan) Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (ƏETİ) səfər edib. 

Liderxeber.az xəbər verir ki, o, institutun rəhbərliyi tərəfindən qarşılanıb və tərəflər arasında tanışlıq məqsədilə görüş keçirilib, danışıqlar aparılıb.

Qeyd edək ki, M. Akhtarın tədqiqat sahələri məhsuldarlığı artırmaq üçün iqtisadi və səmərəli gübrə məhsullarının araşdırılması, dəyişən iqlim ssenarisi altında əlverişsiz şəraitdə bitkilərdə abiotik stressi idarə etmək üçün balanslaşdırılmış qida məhsullarının hazırlanması və s. ibarətdir. 

M. Akhtar ƏETİ-yə səfəri çərçivəsində “Pambıq istehsalı texnologiyası və azotdan istifadənin səmərəliliyinin optimallaşdırılması (¹⁵N izotop izləyici texnikası ilə)” mövzusunda təqdimatla çıxış edib. Təqdimat əsasında o, pambığın əhəmiyyətindən bəhs edərək, diqqətə çatdırıb ki, pambıq əsas kommersiya lif bitkisi olmaqla yanaşı, tekstil lifi, yeməli yağ və heyvan yemi üçün mühüm mənbədir. Pambıq məhsuldarlığını və rentabelliyini artırmaq üçün səmərəli istehsal texnologiyasının tətbiqi vacibdir. Belə ki, aqroiqlim tələbləri - optimal temperatur 21-30 °C olan isti iqlim, yağıntı: 600-1,200 mm, dərin, yaxşı drenaj olunan və ya allüvial torpaqlar, pH: 6.0-8.0, torpaq hazırlanmasında isə düz səpin, tirəli səpin, yataq üsulu ilə səpin nəzərə alınmalıdır. Pambığın səpin vaxtı yağışa əsaslanan şəraitdə: mussonun başlanğıcı, suvarılan sahələrdə: aprel-may aylarında, sıraarası məsafə sortlar üçün 60 × 30 sm, hibridlər üçün 90 × 60 sm, toxum norması sortlar üçün 15-20 kq/ha, hibridlər üçün 2-3 kq/ha olmalıdır. Pambıqda qida maddələrinin idarə edilməsinə gəldikdə isə N: 100-150 kq/ha, P₂O₅: 50-75 kq/ha, K₂O: 50-75 kq/ha götürülür. Azot daha yüksək səmərəlilik üçün hissə-hissə verilir, fosfor və kalium isə səpin zamanı əsas gübrə kimi tətbiq olunur. Azotdan istifadə səmərəliliyi — bitkilərin verilən azotu mənimsəyərək iqtisadi məhsula çevirmə qabiliyyətidir. Daha sonra M.Akhtar azot itkilərini azaltmaq (yuyulma, NH₃ buxarlanması, denitrifikasiya itkiləri, NO, N₂O) bitkilər tərəfindən azotun istifadəsini yaxşılaşdırmaq, ətraf mühiti qorumaq və s. məsələlərə aydınlıq gətirib. Nəticə olaraq o, bildirib ki, səmərəli pambıq istehsalı texnologiyası, təkmilləşdirilmiş Azotdan İstifadə Səmərəliliyi (NUE) və Sudan İstifadə Səmərəliliyi (WUE) ilə birlikdə məhsuldarlığın artırılmasında, istehsal xərclərinin azaldılmasında və pambıq becərilməsinin davamlılığının təmin olunmasında mühüm rol oynayır.

Daha sonra Pakistanlı ekspert M.Akhtar “¹⁵N izləyici texnikasından istifadə etməklə pambıqda Azotdan İstifadə Səmərəliliyi (NUE)” mövzusunu təqdim edib.  O, diqqətə çatdırıb ki, gübrələr bitki qidalanmasının əsas amilidir və müasir kənd təsərrüfatında, bitki istehsalında və məhsul keyfiyyətində əsas rol oynayır. Təqdimatda azotun pambıq istehsalında rolu və ondan səmərəli istifadənin elmi əsasları izah olunub. 

Azotun bitki inkişafı, məhsuldarlıq və keyfiyyət üçün əsas qida elementi olduğu vurğulanıb. Həddindən artıq azot tətbiqinin iqtisadi itkilərə və ətraf mühit üçün risklərə səbəb olduğu göstərilib. Azotun torpaqda və bitkidə çevrilmə formaları və onun mənimsənilməsinə təsir edən proseslər şərh olunub. Ammonyak buxarlanması, yuyulma və denitrifikasiya kimi itkilərin azaldılması yolları təqdim edilib.
Təqdimatda gübrələrin düzgün vaxtda, düzgün normada və uyğun üsulla tətbiq edilməsinin əhəmiyyəti izah edilib. 4R prinsiplərinin (düzgün mənbə, düzgün norma, düzgün vaxt, düzgün yer) azotun səmərəli istifadəsində rolu qeyd olunub. Azotun torpaq, üzvi maddələr və gübrələrdən bitkiyə keçidi izah edilib. ¹⁵N izotop texnikası vasitəsilə bitkinin azotu hansı mənbədən götürdüyünün dəqiq müəyyənləşdirilməsi üsulu göstərilib. Gübrədən istifadə səmərəliliyinin (FUE) hesablanma qaydaları nümunə üzərində açıqlanıb.
Eyni zamanda, üzvi qalıqlardan azotun bitkilər üçün əlçatan formaya keçməsi və bu proseslərin izlənməsi izah olunub. İzotopların əsas xüsusiyyətləri, stabil və radioaktiv izotoplar arasındakı fərqlər təqdim edilib. İzotop nisbəti kütlə spektrometriyası (IRMS) və digər ölçmə üsullarının tətbiqi izah olunub. Nəticə olaraq, ¹⁵N texnikasının azotdan istifadənin optimallaşdırılması, məhsuldarlığın artırılması və ətraf mühitin qorunması üçün mühüm elmi alət olduğu vurğulanıb.