Əkinçilik İnstitutu ilə Naxçıvan Kənd Təsərrüfatı ETİ arasında əməkdaşlıq əlaqələri yaradılır
Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu (KT ETİ) arasında əməkdaşlıq əlaqələri yaradılır.
Bu məqsədlə ƏETİ-nin direktoru Faiq Xudayev və Naxçıvan KT ETİ-nun direktor vəzifəsini müvəqqəti icra edən direktor müavini Günel Seyidzadə arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsi üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair danışıqlar aparılıb və Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində beş günlük təlimlər həyata keçirilib.
Təlimlərdə Akademik Həsən Əliyev adına Naxçıvan KT ETİ-nin “Dənli, paxlalı, texniki və digər bitkilərlə iş” sektorunun böyük elmi işçisi Əli Quliyev və kiçik elmi işçi Bilal Quliyev iştirak ediblər.
Təlim proqramı əsasında institutun direktoru Faiq Xudayevin təlimçilərlə görüşü olub. Görüşdə tərəflər arasında tanışlıq və əməkdaşlıq çərçivəsində fikirlər səsləndirilib, müzakirələr aparılıb. Sonra ƏETİ-nin genbankı, muzeyi, kitabxanası və akademik Cəlal Əliyevin iş otağı və kitabxanası ilə tanışlıq həyata keçirilib. Tanışlıq iştiqamətində ƏETİ-nin yaranma tarixi, strukturu, kadr potensialı, kənd təsərrüfatı məhsul istehsalında institutun rolu, fəaliyyət istiqamətləri, tədqiqat proqramları, institutun rayonlaşmış kənd təsərrüfatı bitki sortları, şöbə və laboratoriyalar və s. haqqında məlumatları özündə əks etdirən təqdimat diqqətə çatdırılıb.
Təlim günləri ərzində “Dənin yığımdan sonrakı yetişməsi, dənin nəmliyinin keyfiyyət göstəricilərinə təstiri”, “Aqrar sahədə iqlim dəyişikliyi ilə bağlı problemlər və onların həllinə yönəlmiş tədqiqatlar”, “Suvarma və dəmyə şəraitləri üçün adaptiv sortlarının yaradılması prioritetləri”, “Yeni sortların yaradılmasında morfofizioloji əlamətlərin rolu”, “Fizioloji əlamətlərin bitkilərdə yüksək məhsuldarlıq və quraqlığa davamlılığa görə seleksiya əhəmiyyəti”, “Yüksək məhsuldar, keyfiyyətli bitki sortlarının yaradılmasında beynəlxalq əməkdaşlığın rolu”, “Aqrar sahədə vəsaitə qənaətedici becərmə texnologiyalarının əhəmiyyəti”, “DNT izolyasiyası və DNT izolyasiyasının ilkin mərhələləri”, “DNT izolyasiyasının həyata keçirilməsi”, “Alternativ yem bitkiləri”, “Toxumların sort keyfiyyətinin yaxşılaşdırılma üsulları”, Əkinlərdə xəstəlik və zərərverci həşəratların aşkar olunması üsulları”, Molekular markerlər, onların növləri və seleksiyada istifadə perspektivləri”, “Toxumların səpin keyfiyyətinin təyini üsulları”, “Mərkəzi Aqrotövsiyə Sistemi”, “Qarışıq səpinlər və onların əhəmiyyəti” mövzuları təqdimatlar əsasında təlimçilərin diqqətinə çatdırılıb.
Şöbə və laboratoriyalarla əyani tanışlıq və təcrübə sahələrinə baxış həyata keçirilib. Təlimlərin keçirildiyi müddətdə ətraflı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası ərazisində sınaqdan keçirilməsi ücün ƏETİ-nin mandatına aid olan bitki sort nümunələrinin toxumları təhvil verilib.