Pressa.az » Ölkə » Bu gün Azərbaycan öz suverenliyini və təhlükəsizliyini təmin edir

Bu gün Azərbaycan öz suverenliyini və təhlükəsizliyini təmin edir

22 avqust 2023, Çərşənbə axşamı, 11:04
Bu gün Azərbaycan öz suverenliyini və təhlükəsizliyini təmin edir

Bu gün əsassız iddialarla çıxış edən, lakin hər dəfə niyyətləri puça çıxan Qarabağ ermənilərinin yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdir.

Bildiyimiz kimi Azərbaycanın siyasi və iqtisadi gücü özünü ildən-ilə qazanılan uğurlarda göstərir. Hər il Ölkəmiz üçün istər inkişaf, istərsə də müxtəlif sahələrdə əldə olunan uğurlar baxımından yadda qalan olur. Bu baxımdan 2020-ci ildə düşmən üzərində qazandığımız tarixi Zəfər, ardınca beynəlxalq və regional müstəvidə qazanılmış qələbələr xüsusi vurğulanmalıdır. Ötən dövr ərzində xarici siyasət sahəsində Azərbaycanın qazandığı tarixi nailiyyətlər beynəlxalq imicimizə böyük təsir edib. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində keçirilmiş növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyətini xüsusi qeyd etməliyik. Hər zaman mənfur niyyəti ilə seçilən Ermənistanın Azərbaycanı Laçın dəhlizini guya blokadaya almaqda günahlandırması, Qarabağda yaşayan erməniləri “aclığa, soyqırıma məruz qoyması” kimi absurd fikirlərin ictimailəşdirməsi düşmənin əsl simasını bir daha nümayiş etdirir.   Ermənistan humanitar niyyətlər üçün hər zaman açıq olan Laçın dəhlizini beynəlxalq gücdən istifadə edərək açılması üçün çalışsa da, biabırçı məğlubiyyətə uğradı. İclasda heç bir dövlət Ermənistanın Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bəli, bu Azərbaycanın məqsədyönlü, düşünülmüş siyasətinin bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, bütün tərəfdaş ölkələrlə qarşılıqlı maraqlar çərçivəsində  balanslı münasibətlər qurulması bu günki uğurlarımızın təməlidir. Vətən Müharibəsindən sonra Azərbaycan humanitar fəaliyyət sahəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığa başladı və qeyd etməliyik ki, Komitəyə bu işi həyata keçirməsi üçün təklif etdi. Lakin əsasında biz Komitə tərəfindən sui-istifadə halları gördük. Belə ki, bu komitənin vasitəçiliyi ilə düşmən Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə iki və çoxtərəfli münasibətlərə xələl gətirəcək vasitələrin daşınması həyata keçirildi. Dəfələrlə bununla bağlı onlara şifahi və yazılı xəbərdarlıq edildi. Bu gün Azərbaycan öz suverenliyini və təhlükəsizliyini təmin etmək ücün Laçın dəhlizində yaratdığı sərhəd-buraxılış məntəqəsi beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq tam qanuni fəaliyyət göstərir.  Məntəqənin fəaliyyəti tam şəffaf olmaqla müşahidəçilərə açıqdır. Hər kəs onun fəaliyyəti ilə tanış ola, müşahidə edə bilər.

Qeyd edək ki, Laçın dəhlizinə paralel olaraq Ağdam – Xankəndi yolunun istifadə edilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir. Ölkəmiz qarşı tərəfə həmin yoldan da istifadə etməsi üçün təklif göndərib. Bu gün əsassız iddialarla çıxış edən, lakin hər dəfə niyyətləri puça çıxan Qarabağ ermənilərinin yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Bir sözlə BMT-nin Təhlükəsizlik Şurasının  16 avqust tarixli növbədənkənar iclası qalib Ölkəmiz üçün növbəti diplomatik zəfərdir!

İmamnəzər Nağıyev;
Neftçala rayon sakini