Pressa.az » Ölkə » Ramin Məmmədov: "İnsanlarımız Aşuranın mahiyyətini getdikcə daha doğru dərk etməyə başlayırlar"

Ramin Məmmədov: "İnsanlarımız Aşuranın mahiyyətini getdikcə daha doğru dərk etməyə başlayırlar"

25 iyun 2026, Cümə axşamı, 10:07
Ramin Məmmədov: "İnsanlarımız Aşuranın mahiyyətini getdikcə daha doğru dərk etməyə başlayırlar"

"Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil artır".

Liderxeber.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Aşura günü respublikamızın demək olar ki, bütün bölgələrində ümumilikdə 38 məntəqədə qanvermə aksiyaları təşkil edilir:

"Bu məntəqələr ölkəmizin müxtəlif bölgələrində yerləşən əsasən məscid və ziyarətgahlardır.

Artıq bir neçə ildir ki, bu məscidlərin siyahısına işğaldan azad olunmuş ərazilərimizdəki məscidlər də daxil edilib. Belə ki, Ağdam Cümə məscidində və Şuşa məscidlərində də bu gün qanvermə aksiyaları təşkil olunur.

Digər önəmli məqam ondan ibarətdir ki, artıq bir neçə ildir qanvermə aksiyası Azərbaycan İlahiyyat İnstitutunda da keçirilir. İlahiyyat İnstitutu ölkəmizdə dini sahədə ixtisaslı mütəxəssislər hazırlayan yeganə ali dini təhsil ocağıdır və burada Azərbaycanın gələcək din xadimləri, eləcə də ilahiyyatçıları və dinşünasları yetişir. Bu nöqteyi-nəzərdən Aşura günü qanvermə aksiyasının məscid və ziyarətgahlarla yanaşı Azərbaycan İlahiyyat İnstitutunda da keçirilməsi təsadüfi deyil.

Bu gün keçirilən aksiyanın təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Qafqaz Müsəlmanları İdarəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, TƏBİB, Səhiyyə Nazirliyi, Azərbaycan Könüllülər Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gənclər Fondu, qeyri-hökumət təşkilatları və adlarını sadalamadığımız digər qurumlar yaxından iştirak edir, aksiyanın kütləvi şəkildə həyata keçirilməsinə dəstək verirlər".

Sədrin sözlərinə görə, səhərin ilk saatları olmasına və aksiyanın yenicə başlamasına baxmayaraq, müraciət edənlərin sayı kifayət qədər çoxdur:

"Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, Aşura günündə qan vermək istəyənlərin sayı günortadan sonra da, axşam saatlarınadək də artmaqda davam edir. Biz günün sonuna qədər Azərbaycan Qan Bankı ilə birlikdə aksiyanı davam etdirəcəyik.

Ümumiyyətlə, illər keçdikcə Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı artır. Bu da ondan irəli gəlir ki, insanlarımız Aşuranın mahiyyətini getdikcə daha doğru və daha dəqiq dərk etməyə başlayırlar. Bu təbii ki, ölkədə aparılan maarifləndirmə işinin nəticəsidir.

İnsanlar dərk etdikdə ki, onların verdiyi qan xəstə insanlara, xüsusilə də xəstə uşaqlara lazımdır, bu aksiyada ürəklə iştirak edirlər.

Sevindirici haldır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə başlanan qanvermə aksiyaları təkcə Azərbaycanda deyil, digər müsəlman ölkələrində də nümunə kimi tətbiq olunur.

Mənə elə gəlir ki, insanlar, ümumiyyətlə dünya müsəlmanları Aşura gününün əhəmiyyətini, eyni zamanda İmam Hüseynin, Peyğəmbərimizin nəvəsinin hansı məqsədlər uğrunda şəhid olduğunu daha yaxşı dərk etdikləri üçün Aşura mərasiminin mahiyyətini də daha düzgün anlayırlar. Başa düşürlər ki, Aşura günü İmam Hüseyn yolunda, din və İslam yolunda qəmə vurmaqdan, zəncir vurmaqdan və qan tökməkdən daha məqsədəuyğun olan məhz hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarında iştirak etməkdir".