Pressa.az » Cəmiyyət » "Qanını əbəs yerə tökməkdənsə, qanı ehtiyac duyanlara bağışlamaq gözəl olar" - İlahiyyatçı Fərid Abdullahla Müsahibə

"Qanını əbəs yerə tökməkdənsə, qanı ehtiyac duyanlara bağışlamaq gözəl olar" - İlahiyyatçı Fərid Abdullahla Müsahibə

15 iyul 2024, Bazar ertəsi, 17:22
"Qanını əbəs yerə tökməkdənsə, qanı ehtiyac duyanlara bağışlamaq gözəl olar" - İlahiyyatçı Fərid Abdullahla Müsahibə

Məhərrəm ayı, İslam dinində mühüm bir dövr olaraq böyük mənəvi və tarixi əhəmiyyət daşıyır.

Liderxeber.az-ın məlumatına görə, bu ayın onuncu günü olan Aşura günü, həm tarixi hadisələr, həm də dini ayinlər baxımından xüsusi bir önəm daşıyır.

Bu müqəddəs günlə əlaqədar İlahiyyatçı Fərid Abdullahla həmsöhbət olduq və Məhərrəm ayının dini və mədəni əhəmiyyətindən, Aşura gününün İslam tarixindəki yerindən və bu günün İslam dünyasında necə qeyd olunmasından danışdıq. 

 - Aşura günü İslam tarixində hansı hadisələr baş verib və bu günün önəmi nədir?

 - Aşura günü İslam tarixində ən mühüm və təsirli hadisələrdən biridir. Bu günün əsas önəmi Kərbəla döyüşündə İmam Hüseynin (ə) və onun 72 səhabəsinin şəhid olması ilə əlaqədardır. Hicri təqvimi ilə 61-ci ildə (miladi 680) Məhərrəm ayının 10-da, İraqın Kərbəla şəhərində Yezid ibn Müaviyənin qoşunu İmam Hüseyni mühasirəyə almışdı. İmam Hüseyn (ə) və onun tərəfdarları su yollarından məhrum edilmiş və son dərəcə qeyri-bərabər şəraitdə döyüşmüşlər. Nəticədə, İmam Hüseyn (ə) və yoldaşları şəhid olmuş, ailələri isə əsir götürülmüşdür. Bu, İslam tarixinin ən utancverici hadisəsidir ki, bəzi müsəlmanlar Peyğəmbərin nəvəsinə qarşı belə bir alçaq davranış sərgiləmişlər.

Aşura günü İslamda ədalət uğrunda mübarizənin, ədalətsizliyə qarşı duruşun və haqqın müdafiəsinin simvoludur. Bu hadisə İslam tarixində ən ağrılı və təsirli hadisələrdən biri kimi qəbul edilir. Bu hadisə zaman-zaman müxtəlif inqilab və ədalət uğrunda mübarizələrə ilham qaynağı olmuşdur.

- Məhərrəm ayının əhəmiyyəti nədən ibarətdir və bu ayda müsəlmanlar hansı ibadətləri yerinə yetirirlər?

 - Məhərrəm ayı İslam təqviminin ilk ayı və müsəlmanlar üçün çox önəmli bir aydır. Məhərrəm ayının 10-cu günü Aşura günüdür ki, bu gün nə baş verdiyini daha öncə qeyd etdik. Aşura günü müsəlmanlar, xüsusilə Əhli-beyt tərəfdarları böyük matəm mərasimləri keçirirlər.

Bu ay həm də İslamda dörd haram aydan biridir. Haram aylar döyüşlərin və münaqişələrin qadağan edildiyi aylardır. Ərəblər, İslamdan əvvəl də bu aylara hörmət edirdilər və bu aylar ərzində döyüşdən çəkinirdilər.

Bu ayda müsəlmanlar oruc tuturlar. Lakin Aşura günü oruc tutmaq məkruhdur. Yəni savabı azdır. Habelə bu ayda İmam Hüseynin (ə) və onun yoldaşlarının şəhid olmasını yad etmək üçün matəm və əzadarlıq mərasimləri keçirilir.

 - Aşura günü və Məhərrəmlik hadisəsinin Azərbaycan gənclərinə müsbət baxımdan təsir etməsi üçün təbliğat hansı istiqamətdə qurulmalıdır?

 - Buna bir neçə təklif və misallar demək olar:

Gənclərə Aşura günü və Kərbəla hadisəsinin tarixi və dini əhəmiyyətini dərk etdirmək üçün maarifləndirmə işləri aparılmalıdır.
Din alimləri və tarixçilər tərəfindən seminarlar və mühazirələr təşkil edilməli, Aşura gününün tarixi hadisələri, Kərbəla döyüşü və İmam Hüseynin (ə) fədakarlığı haqqında geniş məlumat verilməlidir. Habelə Aşura və Kərbəla hadisəsi haqqında kitablar oxumaq tövsiyə edilməli, bu mövzuda ədəbi əsərlər tanıdılmalıdır.

Bundan əlavə, yad ünsürlərin təsir altına düşməmək üçün gənclərə bu faciədən nəticə çıxarılacaq əxlaqi və mənəvi dəyərlər aşılanmalıdır.

 - Aşura günü ilə bağlı xüsusi dualar və ibadətlər varmı? Əgər varsa, onlar hansılardır?

 - Bəli, bu barədə xüsusi və ümumi əməllər qeyd edilib. Önəmli əməllərdən biri Aşura ziyarətini oxumaqdır. Aşura günündə dünya işlərindən uzaq durmaq, matəm saxlamaq tövsiyə edilir. Bu gün insanların şən və əyləncəli fəaliyyətlərdən çəkinməsi məsləhətdir. Aşura günündə min dəfə “İxlas” surəsini oxumağın faydası var. Habelə “Əlqəmə”, “Varis ziyarəti” dualarını oxumaq faydalıdır. Hər il Aşura günü qanvermə aksiyaları keçirmək bir ənənəyə çevrilib. Çox faydalı təşəbbüsdür. Bundan əlavə xeyriyyə işləri ilə məşğul olmaq, imkansızlara əl tutmaq, ehsanlar vermək də yaxşıdır.

 - Aşura günündə matəm mərasimlərinin keçirilməsinin səbəbi nədir və bu mərasimlərin dini əsasları nədir?

 - Aşura günü matəm mərasimlərinin keçirilməsinin əsas səbəbi İmam Hüseynin (ə) Kərbəla döyüşündə şəhid olmasının anılması və bu hadisənin mənəvi və əxlaqi dərslərinin, hədəflərinin qorunub saxlanmasıdır.

Bu günləri matəm saxlamaq Qurana əsasən, Allahın günlərini xatırlatmaq, Allahın şüarlarını əzəmətli bilməkdir. Matəm mərasimləri İslamın ali və mənəvi dəyərlərini yeni nəsillərə çatdırmaq məqsədi daşıyır. Eyni zamanda müsəlmanların dini kimliklərini gücləndirir və onları İslamın əsas prinsiplərinə bağlayır. Quranda və hədislərdə əhəmiyyətli dini hadisələrin, şəhidlərin yad edilməsi və onların əziz tutulması vurğulanır. Məhz iki Qarabağ müharibəsində, müxtəlif antiterror əməliyyatlarında şəhid olmuş neçə-neçə gəncin məhz İmam Hüseyn (ə) məktəbindən bəhrələnməsinin şahidi olmuşuq. Bundan əlavə, matəm mərasimləri müsəlmanları bir araya gətirir, sosial əlaqələri gücləndirir.

 - Məhərrəm ayı və Aşura günü ilə bağlı müsəlman cəmiyyətində yayılmış hansı yanlış təsəvvürlər var və bu təsəvvürləri necə aradan qaldırmaq olar?

 - Bəli, təəssüflər olsun ki, yanlış təsəvvürlər var. Onları birdən-birə aradan qaldırmaq olmur. Çox təəssüflər olsun ki, bu təsəvvürlərin yaranmasında zəhməti olmuş katalizatorlar da var. Məsələn, baş yarma, özünü insana yaraşmayan hallara salma və s. Lakin din alimləri də bu cür şeylərlə mübarizə aparırlar və şükürlər olsun ki, Azərbaycanda belə əndazəni aşmış rituallar yoxdur.

Daha sonra İmam Hüseyn hərəkatını qəsdən hakimiyyət üstündə iki ərəbin döyüşməsi kimi təqdim edənlər var. Yaxud İmam Hüseyni elə öz tərəfdarları öldürdü deyə, Yezidi təmizə çıxarmaq istəyənlər var. Yaxud bu matəm günlərinin cəhalətdən başqa bir şey olmadığını deyənlər də var.

Lakin biz ədəbiyyatımıza, tariximizə baxdıqda bu adamların nə qədər yanlış düşündüyünü görürük. Neçə-neçə görkəmli alimlər, siyasətçilər, dünya liderləri İmam Hüseyndən bəhrələniblər. Bu hərəkatı öz etiqad və dünyagörüşlərinə sirayət etdiriblər.

 - Aşura günü qanvermə aksiyası münasibətiniz?

 - Çox gözəl təşəbbüsdür və hər il təkrarlanır. Öz qanını əbəs yerə tökməkdənsə, bu qanı ehtiyac duyan insanlara bağışlamaq daha gözəl olar.

Orxan Hüseyn