Pressa.az » Ölkə » Daxili qoşunlarla bağlı dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdirilir

Daxili qoşunlarla bağlı dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdirilir

09 sentyabr 2025, Çərşənbə axşamı, 15:37
Daxili qoşunlarla bağlı dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdirilir

Daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdiriləcək.

Liderxeber.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların komandanının səlahiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

- daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibini təsdiq edəcək;

- daxili qoşunların hərbi qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edəcək, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxacaq;

- daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verəcək;

- daxili qoşunların hərbi hissələrini və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsini yaradacaq və ləğv edəcək, o cümlədən həmin təhsil müəssisəsinin nizamnaməsini təsdiq edəcək;

- daxili qoşunların, onun xüsusi təyinatlı ali təhsil müəssisəsinin və hərbi hissələrinin döyüş bayraqlarının, habelə daxili qoşunların embleminin, hərbi qulluqçuların hərbi geyim formasının, fərqləndirmə nişanlarının əsasnamələrini və onların təsvirlərini təsdiq edəcək;

- daxili qoşunları fövqəladə və ya hərbi vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin təmin edilməsinə cəlb edəcək;

- daxili qoşunların hərbi şurasının əsasnaməsini təsdiq edəcək və onun tərkibini müəyyən edəcək;

- daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini Azərbaycan Respublikasının dövlət mükafatları və təltifləri ilə, o cümlədən fəxri adlarla təltif edəcək;

- daxili qoşunların səfərbərlik tapşırıqlarını müəyyənləşdirəcək, səfərbərlik və müharibə dövründə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları tərəfindən daxili qoşunların maddi-texniki vasitələrlə təmin olunması barədə qərar qəbul edəcək;

- daxili qoşunların çağırışçılarla, qanunla nəzərdə tutulmuş halda hərbi vəzifəlilərlə, habelə səfərbərlik zamanı, müharibə (silahlı münaqişə) dövründə hərbi nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsini həyata keçirəcək;

- daxili qoşunlara bilavasitə rəhbərlik edəcək və onlara həvalə olunmuş vəzifələrin icrası zamanı qanunçuluğa riayət edilməsini təmin edəcək;

- daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək;

- daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planlarını təsdiq edəcək;

- daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edəcək və onlarda dəyişiklik edəcək;

- hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitləri, habelə ilk zabit hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları, ehtiyatda olan hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul edəcək;

- müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin daxili qoşunlarda xidmətini və ehtiyata buraxılmasını təşkil edəcək;

- xidməti vəzifələrinin icrası zamanı daxili qoşunların həlak olmuş, ölmüş, xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilmiş, əlilliyi müəyyən edilmiş hərbi qulluqçularının ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasına köməklik göstərəcək, habelə onların maddi və məişət məsələlərinin həlli üçün normativ hüquqi aktlara uyğun tədbirlər görəcək;

- daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətini təşkil edəcək;

- ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrinin yerinə yetirilməsinə xüsusi və əməliyyat təyinatlı, mühafizə və təminat hərbi hissə və bölmələrini, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrini cəlb edəcək;

- hərbi hissələrin daimi yerləşdiyi ərazilərdən kənarda fəaliyyətinə dair qərar verəcək;

- qanuna uyğun olaraq daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini intizam məsuliyyətinə cəlb edəcək;

- icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verəcək, onların icrasına nəzarəti təşkil edəcək;

- Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həll edəcək.