Pressa.az » Ölkə » Vərəsəlik işləri arbitrajda həll edilə bilməyəcək

Vərəsəlik işləri arbitrajda həll edilə bilməyəcək

30 oktyabr 2023, Bazar ertəsi, 14:20
Vərəsəlik işləri arbitrajda həll edilə bilməyəcək

Arbitrajda həll edilə bilən mübahisələr müəyyənləşir.

LiderXəbər-in xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı bənddə nəzərdə tutulanlar istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə bilər.

Aşağıdakı işlər arbitrajda həll edilə bilməz:

- Cinayət və inzibati xətalarla bağlı işlər;

- İnzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər;

- Ailə münasibətlərindən irəli gələn mübahisələr;

- Şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər

əmək mübahisələri;

- ətraf mühitin mühafizəsi sahəsində mübahisələr;

- vərəsəlik işləri;

- əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr;

- rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr;

- Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr;

- Müflisləşmə və iflasa dair işlər;

- Hüquqi şəxsi ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı iddialara dair işlər (hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) olduqda);

- Fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda);

- Yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;

- Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr.

Yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər və Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr yerli arbitraj məhkəməsində həll edilə bilər.