Pressa.az » Ölkə » Cinayət təqibi üzrə qiyabi icraat həyata keçiriləcək

Cinayət təqibi üzrə qiyabi icraat həyata keçiriləcək

17 noyabr 2023, Cümə, 16:18
Cinayət təqibi üzrə qiyabi icraat həyata keçiriləcək

Cinayət təqibi üzrə qiyabi icraat həyata keçiriləcək.

LiderXəbər xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məhkəmə tərəfindən qəbul edilmiş cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar əsasında təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat olacaq.

Qeyd edilib ki, qiyabi icraat barədə qərar həm məhkəməyədək icraat, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat zamanı qəbul edilə bilər. Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında yalnız məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur.

Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğu vaxtdan 3 ay keçdikdən sonra qəbul edilə bilər.

Eyni zamanda dəyişikliklərə əsasən barəsində cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı qəbul edilmiş şəxsin ərizə verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinə yenidən baxılmasını tələb etmək hüququ müəyyən edilir.