Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
Mərkəzdən LiderXəbər-ə verilən xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
• şəxsiyyəti təsdiq edən sənədin əsli;
• “İmtahana buraxılış vərəqəsi".
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 13 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 625, BB qrupu üzrə 2588 olmaqla, ümumilikdə 3213 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 13 ümumi imtahan rəhbəri, 35 imtahan rəhbəri, 293 nəzarətçi müəllim, 45 buraxılış rejimi əməkdaşı ayrılıb.