31 mart Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsi, xalqımızın qan yaddaşıdır
Sovetlər dönəmində bir çox sahələr kimi xalqımızın qan yaddaşı da silinməyə çalışılmış, zaman-zaman baş vermiş hadisələrin izləri itirilərək, böyük təhriflərə məruz qalmışdır.
Son iki əsr ərzində xalqımızın başına gətirilən müsibətlərə nəzər saldıqda, onları araşdırdıqda eyni senari, eyni məqsəd və məramla qarşılaşırıq. Belə ki, XIX əsrin əvvəllərində Rusiya və İran arasında baş verən müharibələrin nəticələrinə əsasən elə məhz indiki İran ərazisindən on minlərlə erməni əsilli ailələrin tarxi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, Göyçəyə köçürülməsi məhz çirkin siyasətin əsasını təşkil edirdi. Bundan sonra maşalarının köməyindən ruhlanan vəhşi toplumun ard-arda bu yerlərin tarixi sakinləri-azərbaycanlılara qarşı həyata keçirdikləri faciələr soyqırımları, etnik təmizləmə siyasəti yüz ildən çox davam etdi. Bu çirkin senaridən olan 31 mart Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsi, xalqımızın qan yaddaşıdır. Xalqımız bir daha belə faciələrlə üzləşməsin deyə, bu tarix heç zaman unudulmamalı, daha dərindən araşdırılmalıdır. “Böyük Ermənistan” xülyası ilə şirnikləndirilən ermənilərin xalqımıza qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərdə oldu. Ardınca 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə xalqımız soyqırıma məruz qalmış, ölçüyəgəlməz cinayətlərin qurbanı olmuşdur. Bu illərdə minlərlə azərbaycanlı evindən, yurd-yuvasından didərgin salınmış, böyük qəddarlıqla qətlə yetirilmişdir. Yüz ildən çox davam edən genişmiqyaslı qətliamlar, soyqırımları Azərbaycanın demək olar ki, bütün bölgələrində həyata keçirilmişdir. Naxçıvanda, Zəngəzurda, Qubada, Şamaxıda, Bakıda, Gəncədə, Lənkəranda, Salyan-Neftçala ərazisində, Qarabağda, sonda isə Xocalıda yaşanmışlar insanlığa sığmayan böyük cınayətlərdir. Təkcə 1918-ci il mart hadisələrinə nəzər salsaq, Zəngəzur qəzasında 10068, İrəvan quberniyasında 135000, Şamaxıda 8000, digər ərazilərdə də minlərlə günahsız azərbaycanlılarıın vəhşicəsinə qətlə yetirilməsinin şahidi oluruq.
Soyqırım nəticəsində yüzlərlə kəndlər dağıdılmış, 10 minlərlə insan qaçqın düşmüş, saysız hesabsız tarixi abidələr məhv edilmişdir. 1918-ci ilin ən qanlı qətliamlarından biri Quba qəzasında baş vermişdir. Burada 167 kənd, insanlarla birlikdə tamamilə məhv edilmişdir. Qubada tapılan kütləvi məzarlıq, həmin ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksi öz ziyarətçilərinə həmin qanlı faciənin, soyqırım dəhşətlərinin acı epizodlarına şahidlik etməkdədir. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarının, qanlı faciələrin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tariximizə, milli dəyərlərimizə hər zaman önəm verən Ulu Öndər Heydər Əliyev 1998-ci il mart ayının 26-da imzaladığı tarixi əhəmiyyətli Fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi elan etdi. Beləliklə, Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyətinin 80 il öncə qəbul etdiyi tarixi sənədə yenidən siyasi-hüquqi qiymət verdi. Məhz bundan sonra, soyqırım hadisələrinin öyrənilməsi istiqamətində araşdırılmalar aparılmağa, əsərlər yazılmağa, dünya ictimaiyyətinin bu istiqamətdə məlumatlanması üçün xüsusi işlər görülməyə başlandı. Ulu Öndər siyasi kursunun layiqli varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2018-ci il 18 yanvar tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandı. Bu gün Qalib Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarından bəhrələnməklə, yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın bütövlüyünə nail olub. Artıq hər birimiz qürurla yaşayaraq, Azərbaycanın daha güclü olması üçün əlimizdən gələni əsirgəmirik. Bu baxımdan tariximizin yeni səhifələrini uğurlu hadisələr, qələbələrlə bəzəmək üçün hər birimiz bundan sonra daha əzmlə çalışmalı, yeni, daha möhtəşəm tarix yazmaq naminə layiqli gələcək yetişdirməliyik.
Aynurə İsmayılova;
Neftçala rayonu, müəllim