Qida obyektlərinin qeydiyyatı və təsdiqi ilə bağlı dövlət rüsumu ləğv edilib
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə bir çox yeniliklərin hüquqi bazası formalaşdırılıb, beynəlxalq tələblərə uyğun qeydiyyat sistemi yaradılıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən xəbərə görə, ölkə ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən və təsdiqi tələb edilməyən qida obyektləri, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlər Agentlik tərəfindən birbaşa qeydiyyata alınır. Dəyişikliyə əsasən, obyektlərin və subyektlərin qeydiyyatı, eləcə də reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumları ləğv edilib.
“Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə müvafiq olaraq, yüksək riskli qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan və təsdiqi tələb edilən qida obyektləri Agentlik tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunur. Dəyişikliyə əsasən, qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) cavabdeh olduqları qida obyektlərinin təsdiqi üçün müəyyən edilmiş dövlət rüsumunun ödənişindən azad edilib. Eyni zamanda, qida obyektlərinin təsdiqi ilə bağlı reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumu nəzərdə tutulmayıb. Beləliklə, qida obyektinin təsdiqi üçün müəyyən edilmiş dövlət rüsumu yalnız orta və iri sahibkarlıq subyektləri tərəfindən ödənilməlidir.
Sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün Agentliyin e-afsa.gov.az portalında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən (və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, Kiçik və orta biznes evlərinə (KOB evləri), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə müraciət edə bilərlər.