Pressa.az » Ölkə » Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur

Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur

22 may 2024, Çərşənbə, 09:46
Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur

Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsü olacaqdır.

Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş ölkə kimi tanınır. Ölkəmiz regional əməkdaşlıqda maraqlı olduğunu, qonşularla dinc, dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasət yürütdüyünü öz əməli işləri ilə təsdiq edib. Ölkəmizin təşəbbüsü ilə bölgədə nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində atılan addımlar regionda həm iqtisadi, həm də siyasi əlaqələrin inkişafına töhfə verəcəkdir. Bu mənada Azərbaycanın qonşularla hərtərəfli əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb.

Bu günlərdə İran-Azərbaycan sərhədində “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi, həm hər iki ölkə, həm də bütövlükdə region üçün çox böyük əhəmiyyətə malik tarixi hadisədir. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq İranın dövlət başçısı Cəbrayıl rayonu ərazisinə gəldi, iki ölkənin rəhbərləri işğaldan azad olunmuş ərazidə görüşdülər. Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Qeyd edək ki, hidroqovşaqların layihələri ilə bağlı hələ sovetlər dönəmində müəyyən fikirlər və razılaşmalar olmuşdur. Lakin məlum tarixi proseslər bu layihələrin reallaşmasının ləngiməsinə səbəb olmuşdur. Xudafərin mövzusu 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə gətirilmiş, Ümummilli liderin  1994-cü ildə İrana etdiyi rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanmışdır.  Lakin ərazilərimizin o zaman işğal altına düşməsi bu layihənin reallaşmasını 30 il ləngitmişdir. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfəri regionumuzda yeni reallıqlar yaratdı. Bu reallıqlar hidroqovşaqların tikintisindən də yan ötmədi. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaqdır.

“Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. İnanırıq ki, bu hidroqovşaqlar Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsü olacaqdır.

Gülağa İmanov;
Neftçala rayonu, Şəhid atası