Xeyirxahlıq, zəriflik, mərhəmət, nəciblik- Azərbaycan qadının siması!
Çoxəsrlik tariximizə nəzər saldıqda görürük və əminliklə deyirik ki, Azərbaycan qadını adını tariximizin səhifələrinə qızıl hərflərlə yazdırıb. Bəli, Azərbaycan qadını dedikdə ilk növbədə ağlımıza öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutan ali varlıq gəlir. Məhz bu varlıq tarixin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib.
Qürurla söz açdığımız Azərbaycan qadını mənə görə tariximizin ən şərəfli səhifəsini, Şanlı Zəfərimizi yazan igid, qəhrəman oğullarımızı dünyaya gətirən də, onlara vətənpərvərlik hissi aşılayan analarımızdır. Xalqımız üçün müqəddəs hesab edilən ailə simasını təmsil etmiş qadınlarımızın cəmiyyətdəki rolu ötən əsrin əvvəllərindən etibarən getdikcə artmağa başlamış, Azərbaycan qadını ictimai həyatın müəyyən mövqelərində görünməyə, mariflənməyə başlamışlar. Tarixi faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur.
28 May Müstəqillik gününü yaşadığımız bu günlərdə müsəlman şərqində ilk dünyəvi demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara verdiyi ali dəyər növbəti proseslərdə örnək kimi qəbul edilmiş, bu siyasət davam və inkişaf etdirilərək, hazırkı müasir dövrümüzdə özünün ən ali səviyyəsinə gəlib çatmışdır. Bu gün Qalib ölkəmizdə Azərbaycan qadınını yeri və roluna nəzər saldıqda, həm xalqımızın, həm də dövlətimizin ali dəyərlərinə verdiyi hörmətin əyani şahidi oluruq. Müasir Azərbaycan qadını bu gün, həm bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, həm də xalqın inanıb səs verdiyi deputatdır. Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycan qadınına hər zaman ən yüksək qiyməti vermiş Heydər Əliyev bununla bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır”.
Məhz Ulu Öndərin xüsusi nəzarəti ilə bütün ali dəyərləri özündə ehtiva edən Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Ulu Öndərin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət qadın siyasəti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilir. Cənab Prezident qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə xüsusi diqqətlə yanaşır. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan qadınının siması yarandığı ilk gündən xeyirxahlıq və ümid məbədinə çevrilən Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın simasında dünyaya xeyirxahlıq, zəriflik, mərhəmət, nəciblik nümayiş etdirir!.
Həbulla Rəhimov;
Neftçala rayon ziyalısı, müəllim