Pressa.az » Ölkə » Rektor: "Pulsuz təhsil veririk, pulsuz yaşayışla təmin edirik, təqaüd veririk, amma…"

Rektor: "Pulsuz təhsil veririk, pulsuz yaşayışla təmin edirik, təqaüd veririk, amma…"

18 iyun 2024, Çərşənbə axşamı, 16:53
Rektor: "Pulsuz təhsil veririk, pulsuz yaşayışla təmin edirik, təqaüd veririk, amma…"

"Bu il Qarabağ Universiteti bütün tələbələrini mənzil tipli yataqxana ilə təmin edəcək. Həmin yataqxanalar da tələbələrə dövlətimiz tərəfindən ödənişsiz təqdim olunacaq".

Bunu Liderxeber.az-a müsahibəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib. Onunla müsahibəni təqdim edirik.

- Şahin müəllim, başlayaq ondan ki, 2024/25-ci tədris ilində ilk dəfə fəaliyyətə başlayacaq Qarabağ Universitetində neçə fakültədə və neçə ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək?

- Fəaliyyətə başlayacağı ilk təhsil ilində Qarabağ Universitetində altı fakültə üzrə 25 ixtisasda bakalavriat səviyyəsində kadr hazırlığı həyata keçiriləcək.

- Fakültələr, bütün universitetlərdə olduğu kimi, pullu və pulsuz olacaq?

- Qarabağ Universitetində bütün tədris dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək qəbul imtahanları nəticəsində abituriyentlər seçim apararkən özləri də görəcəklər ki, Qarabağ Universitetində yalnız dövlət sifarişli yerlər plana daxil edilib.

- Şahin müəllim, Xankəndi Pedaqoji İnstitutundan vaxtilə məzun olan həmvətənlərimiz var ki, onlar Qarabağ Universitetində müəllim kimi çalışmaq arzusundadırlar. Onların tədris prosesinə cəlb edilməsi ilə bağlı hər hansı plan varmı?

- Hazırda biz universitetimizin akademik inzibati heyətinin formalaşdırılması ilə məşğuluq. Bu məsələyə yanaşma tam şəffaf şəkildə aparılır, hər bir vakansiya üzrə Elm və Təhsil Nazirliyinin rəsmi saytı və sosial hesabları üzərindən cəmiyyətə elanlar verilir ki, bu məlumatlar daha çox insana çata bilsin. Orada hər bir vakansiyanın konkret vəzifə funksiyaları və qarşıya qoyulan tələblər aydın göstərilir.

Xankəndi Pedaqoji İnstitutu haqqında, təbii ki, məlumatımız var. O, 1969-cu ildən fəaliyyətə başlamışdı. Bu o deməkdir ki, Qarabağımızda ali təhsil ənənəsi olub. Prezidentin Qarabağ Universitetinin yaradılması ilə bağlı imzaladığı Sərəncamda da qeyd olunub ki, biz bu universiteti yaratmaqla doğma Qarabağımızdakı ali təhsil ənənələrini geri qaytarırıq. Bəli, vaxtilə Xankəndi Pedaqoji İnstitutunun məzunu olmuş, orada işləmiş bir qrup insanlar var ki, onlar bizə öz fikirləri ilə yanaşı, Qarabağ Universitetində çalışmaq arzularını, istəklərini də göndərirlər və bu, çox müsbət haldır.

Qarabağ Universitetində işləmək arzusunda olan vətəndaşlarımıza cavabım ondan ibarətdir ki, vakansiyalarımızla bağlı elanlarımızı izləsinlər, vakansiyalara aid tələblərə baxsınlar. Kim özünü həmin vakansiyalarda görürsə, böyük məmnuniyyətlə universitetimizə sənəd verə və gəlib Qarabağımızdakı yeni universitetin qurulmasında, formalaşdırılmasında iştirak edə bilər. Ümumilikdə isə seçim prosesində Xankəndi İnstitutunu vaxtilə bitirənlərə hər hansı əlavə güzəştin verilməsi nəzərdə tutulmur.

- Abituriyentləri maraqlandıran bir sual da var - Qarabağ Universitetinə qəbulda ən yüksək və ən aşağı bal şkalası mövcuddurmu?